Çempionlar Liqasında hakim oyuna sərxoş çıxdı - (Video)

26 Noyabr 2026 14:03

Asiya Çempionlar Liqasında BƏƏ-nin "Əl-Cəzirə" və İranın "Qol Gohar" komandaları arasında keçirilən görüşdə qeyri-adi hadisə yaşanıb.

Milli.Az xəbər verir ki, suriyalı baş hakim Hana Xattabın matçı sərxoş vəziyyətdə idarə etdiyi iddiaları ortaya çıxdıqdan sonra o, fasilədə oyundan kənarlaşdırılıb.

Hadisəyə 32-ci dəqiqədə baş verən mübahisəli qərar səbəb olub. "Qol Gohar"ın futbolçusu Əli Əsgər Aşuriyə qarşı qayda pozuntusundan sonra hakim qərar verməkdə tərəddüd edib. Daha sonra isə qaydanı pozan futbolçuya deyil, "Əl-Cəzirə"nin türkiyəli qapıçısı Ersin Destanoğluna sarı vərəqə göstərib.

Hakimin bu qərarı və meydandakı davranışları İran klubunun nümayəndələrinin etirazına səbəb olub. "Qol Gohar"ın məşqçilər heyəti referinin sərxoş olduğunu iddia edərək onun dəyişdirilməyəcəyi təqdirdə komandanın meydanı tərk edəcəyini bildirib.

Komandanın baş məşqçisi Heydər Əfsari qarşılaşmadan sonra açıqlamasında baş verənlərin hər iki tərəf üçün təəccüblü olduğunu söyləyib. O, hakimin normal vəziyyətdə olmadığını, hətta rəqib komandanın futbolçularının da bu barədə danışdıqlarını qeyd edib. Mütəxəssis, həmçinin "Əl-Cəzirə"nin 77 nömrəli oyunçusunun qırmızı vərəqə almalı olduğu halda cəzanın səhvən qapıçıya göstərildiyini vurğulayıb.

Hakimin sərxoş olması ilə bağlı iddialar hələlik rəsmi şəkildə təsdiqlənməyib. Bununla belə, "Qol Gohar"ın etirazından sonra Asiya Futbol Konfederasiyası fasilədə baş hakimi əvəzləyib.

Qeyd edək ki, qarşılaşma "Əl-Cəzirə"nin braziliyalı ulduzu Anderson Taliskanın vurduğu yeganə qolla BƏƏ təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)