Güclü yağışdan sonra hava ilə bağlı son məlumat

26 Noyabr 2026 10:40

Noyabrın 26-da saat 10:00-a olan məlumata görə, ölkə ərazisinin əksər hissəsində yağıntılı və küləkli hava şəraiti müşahidə edilib. Bəzi yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb, dağlıq ərazilərə isə qar düşüb.

Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yağıntılar gecə saatlarından etibarən tədricən dayanıb.

Ən çox yağıntı Qax rayonunun Sarıbaş kəndində qeydə alınıb - 15 mm. Qobustan və Şəkinin Kişçay ərazilərində 11, Zaqatalada 10, Balakəndə 9 mm yağış yağıb.

Beyləqan, Zərdab, Kürdəmir, Tovuz və Lerikdə 8, Sabirabadda 7, Quba, Gədəbəy, Şahbuz, Lənkəran və Cəbrayılda 6 mm yağıntı qeydə alınıb.

Qusar, Şamaxı, Oğuz, Gəncə, İmişli, Salyan, Yardımlı və Göygöldə 5, Neftçala, Yevlax, Tərtər, Göyçay, Astara, Ağdam, Qəbələ, Bakı və Abşeron yarımadasında isə 4 mm yağış yağıb. Digər sadalanan ərazilərdə yağıntının miqdarı 1-3 mm arasında dəyişib.

Hazırda bəzi bölgələrdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Oğuzda 21, Daşkəsən, Bərdə və Şəkidə 20, Goranboyda 19, Naftalan və Tərtərdə isə 18 m/s-yə çatıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)