Azərbaycan əsilli iş adamı Kremlin yaxınlığında hotel açdı - (Foto)

26 Noyabr 2026 10:17

Rusiyada yaşayan azərbaycanlı iş adamı, "Kiyevskaya ploşad" şirkətlər qrupunun həmsahibi Qod Nisanov Moskvada inşa etdirilən yeni beşulduzlu "Rossiya" hotel kompleksini şəhərin meri Sergey Sobyaninə təqdim edib.

Milli.Az xəbər verir ki, bu barədə "RBK Nedvijimost" məlumat yayıb.

Moskvanın mərkəzində, Kremlə cəmi 500 metr məsafədə yerləşən hotel kompleksinin investoru Qod Nisanov olub. İş adamı layihə çərçivəsində inqilabdan əvvəlki memarlıq çertyojları əsasında üç tarixi gəlirli yaşayış binasının bərpasını maliyyələşdirib.

Yenidənqurma zamanı tikililərin tarixi görkəmi və inqilabdan əvvəlki Moskva memarlığının xüsusiyyətləri qorunub. Bərpa edilən binalar vahid hotel kompleksi şəklində birləşdirilib.

Kompleks xarici nümayəndə heyətlərinin, işgüzar səfərə gələn şəxslərin və turistlərin qəbulu üçün nəzərdə tutulub.

Layihənin əsas hissələrindən biri 500 nəfərədək iştirakçını qəbul edə biləcək konqres mərkəzidir. Kremlin yaxınlığında yerləşməsi bu məkanı beynəlxalq görüşlər, konfranslar və müxtəlif işgüzar tədbirlər üçün əlverişli ünvanlardan birinə çevirəcək.

Moskvanın meri Sergey Sobyanin kompleksin inşasına sərmayə yatırdığına görə Qod Nisanova təşəkkür edib. İş adamı isə bildirib ki, layihə çərçivəsində Varvarka küçəsində 1930-cu illərdə itirilmiş tarixi binaların fasadlarını bərpa etmək mümkün olub.

Ümumi sahəsi 64 min kvadratmetr olan hotel kompleksində 151 nömrə, spa mərkəzi, tibb klinikası və 25 metrlik hovuzu olan fitnes-klub fəaliyyət göstərəcək.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)