Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)

26 Noyabr 2026 09:29

Qazax rayonun Yuxarı Salahlı kəndində fərdi yaşayış evinin həyətyanı sahəsində iki nəfərin xəsarət alması ilə nəticələnən partlayışın detalları məlum olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə axşam saatlarında baş verib.

"Ceyran sobası"ndan (çuqun qaz sobası) istifadə edən ev sakini D.Kəlayeva qaz təchizatının dayandırılmasından xəbərsiz olub. Qazı açıq qoyaraq yatıb. Qadının oğlu işdən evə qayıtdıqdan sonra qazı yandırmağa cəhd edib və nəticədə yığılan qazın alışması ilə partlayış baş verib.

Hadisə zamanı qadın üz nahiyəsindən, onun oğlu isə əl və ayaqlarından yanıq xəsarətləri alıb. Məlumata görə, qadının vəziyyəti qənaətbəxşdir, oğlu isə müalicə üçün Bakıya gətirilir.

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 26.11.2026-cı il tarixində saat 07:30 radələrində 2 nəfər (1 kişi, 1 qadın) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bədənin müxtəlif nahiyələrinin termiki yanığı diaqnozu təyin olunan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Qeyd olunub ki, hazırda onların müalicələri müvafiq şöbədə davam etdirilir. 1 nəfərin vəziyyəti orta ağır, digər şəxsin vəziyyəti isə ağır qiymətləndirilir.

______________

Qazax rayonunda fərdi yaşayış evinin həyətində yerləşən tikilidə partlayış baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, hadisə Yuxarı Salahlı kəndində qeydə alınıb. FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Araşdırma zamanı evin həyətində yerləşən ümumi sahəsi 20 kvadratmetr olan köməkçi tikilidə yanğınla nəticələnməyən partlayış baş verdiyi müəyyən edilib.

Partlayış nəticəsində tikiliyə ziyan dəyib, iki nəfər xəsarət alıb.

Hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)