Masallıda musiqi müəllimləri və şagirdlər üçün ustad dərsləri keçirilib - (Foto)

25 Noyabr 2026 21:14

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə noyabrın 24-də Masallı şəhər Onbirillik İncəsənət Məktəbində fortepiano və qarmon ixtisasları üzrə ustad dərsləri keçirilib.

Ustad dərslərində Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarının musiqi və incəsənət məktəblərində çalışan fortepiano və qarmon müəllimləri, həmçinin bu ixtisaslar üzrə təhsil alan şagirdlər iştirak ediblər.

Tədbirin əvvəlində Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov çıxış edərək ustad dərslərinin təşkilinə görə MEMİM-ə təşəkkürünü bildirib. O, bu cür dərslərin gənclərin bilik və bacarıqlarının artırılması, peşəkar mütəxəssislərin təcrübəsindən yararlanması, praktiki vərdişlərə yiyələnməsi və yaradıcılıq potensialının inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Əməkdar mədəniyyət işçisi, MEMİM-in şöbə müdiri Lalə Kərimova ustad dərslərinin musiqi təhsili sahəsində metodiki biliklərin zənginləşdirilməsinə, müəllim və şagird münasibətlərində yaradıcı yanaşmanın inkişafına, həmçinin ifaçılıq bacarıqlarının təkmilləşdirilməsinə töhfə verdiyini bildirib. L.Kərimova MEMİM tərəfindən nəşr olunan "Asəf Zeynallı. Seçilmiş əsərlər" not kitabını Masallı şəhər Onbirillik İncəsənət Məktəbinə hədiyyə edib.

Çıxışlardan sonra ustad dərsləri başlanıb. Fortepiano ixtisası üzrə ustad dərsi Əməkdar müəllim, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası İxtisas fortepiano kafedrasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzakət Rimazi, qarmon ixtisası üzrə ustad dərsi isə Azərbaycan Milli Konservatoriyası Xalq çalğı alətləri ifaçılığı kafedrasının və Bakı şəhər T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin müəllimi Elnur Qarayev tərəfindən aparılıb. 

Ustad dərsləri zamanı iştirakçılara ifaçılıq texnikası, musiqi əsərlərinin interpretasiyası və tədris metodikası ilə bağlı tövsiyələr verilib, auditoriyanın sualları  cavablandırılıb.