Azərbaycanın "Tağıyev: Məktəb" filmi 99-cu "Oskar" mükafatının beynəlxalq film kateqoriyasında namizəd ekran əsərləri siyahısına daxil edilib.
Milli.Az xəbər verir ki, bu barədə Amerika Kino Sənəti və Elmləri Akademiyasının açıqladığı siyahıda qeyd olunub.
Ümumilikdə, bu kateqoriyada 104 film mükafat uğrunda mübarizə aparmaq üçün uyğun hesab edilib. Bu, beynəlxalq film kateqoriyası üzrə rekord göstəricidir. Filmlər arasında Azərbaycanın "Tağıyev: Məktəb" ekran əsəri də yer alıb.
Akademiyanın məlumatına görə, siyahıya daxil edilən 104 filmdən 100-ü ölkə və ya regionlar tərəfindən təqdim olunub, dördü isə beynəlxalq festivallarda qazandıqları mükafatlar əsasında seçimə daxil edilib.
Qeyd edək ki, builki "Oskar" mükafatları üçün animasiya filmi kateqoriyasında 38, sənədli film kateqoriyasında isə 190 ekran əsəri uyğun hesab edilib. Animasiya və beynəlxalq film kateqoriyalarında qeydə alınan göstəricilər rekorddur.
Beynəlxalq film kateqoriyası üzrə 15 ekran əsərindən ibarət qısa siyahının dekabrın 15-də açıqlanması nəzərdə tutulur. "Oskar" mükafatına namizədlər isə 2027-ci il yanvarın 21-də elan ediləcək.
Xatırladaq ki, 99-cu "Oskar" mükafatlarının təqdimetmə mərasimi 2027-ci il martın 14-də Los-Ancelesdə keçiriləcək.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)