Bəzi insanlar 100 yaşdan çox yaşayır, digərləri isə gənc yaşlarında ciddi sağlamlıq problemləri ilə üzləşir.
Bəs uzunömürlülüyü müəyyən edən əsas amil genetikadır, yoxsa gündəlik həyat tərzi?
Milli.Az xəbər verir ki, elmi araşdırmalara görə, insan ömrünün təxminən 25-40 faizi genetik faktorlarla bağlıdır. Qalan hissədə isə qidalanma, yuxu, fiziki aktivlik, stress və ətraf mühit kimi amillər mühüm rol oynayır.
Məlum olub ki, cəmi 8 həftəlik həyat tərzi dəyişiklikləri nəticəsində bioloji yaşın orta hesabla 4,6 il azaldılması mümkün olub. Bu, genetik kod dəyişməsə belə, genlərin fəaliyyətinə təsir göstərməklə yaşlanma prosesini müəyyən qədər yavaşlatmağın mümkünlüyünə işarə edir.
Genlərin fəaliyyətini tənzimləyən epigenetik mexanizmlər də bu prosesdə mühüm rol oynayır.
Qidalanma, yuxu, stress, fiziki aktivlik və ətraf mühit genlərin aktivliyinə təsir edə bilər.
Uzunömürlü ailələr üzərində aparılan araşdırmalarda bəzi genetik xüsusiyyətlərin yaşla əlaqəli xəstəliklərdən qorunmağa kömək etdiyi müəyyən edilib. Belə insanlarda Alzheimer, diabet və ürək xəstəliklərinə daha az rast gəlindiyi, metabolik göstəricilərin isə daha yaxşı olduğu müşahidə olunur.
Alimlər uzunömürlülüklə əlaqələndirilən APOE2, FOXO3a, CETP, APOC3 və SIRT6 kimi genləri də araşdırırlar. Bu genlər hüceyrələrin stressə davamlılığı, DNT-nin bərpası, metabolizm və digər bioloji proseslərdə iştirak edir.
Tarixdə ən uzun ömür sürmüş insan kimi Ginnesin rekordlar kitabına düşən Jeanne Louise Calment 122 yaşında vəfat edib. Onun həyat hekayəsi uzunömürlülükdə genetik xüsusiyyətlərin roluna dair diqqətçəkən nümunələrdən biri hesab olunur.
Mütəxəssislər sağlam yaşlanma üçün balanslı qidalanma, müntəzəm fiziki aktivlik, keyfiyyətli yuxu, stressin idarə olunması və zərərli ətraf mühit təsirlərindən qorunmağın vacibliyini vurğulayırlar.
Bununla yanaşı, telomeraz, follistatin, Klotho və PGC-1A kimi bioloji mexanizmlər üzərində aparılan araşdırmalar gələcəkdə yaşlanma prosesinin yavaşladılması və sağlam həyat müddətinin uzadılması üçün yeni imkanlar yarada bilər. Lakin bu istiqamətdəki bir çox tədqiqat hələ eksperimental mərhələdədir.
Müəllif: Mina Mikayılova