Rusiyanın Voronej şəhərində azərbaycanlı iş adamı və Azərbaycan diasporunun rəhbəri Yusif Xəlilov qanunsuz tikinti hesab edilən restoranı sökməkdən imtina etdiyinə görə 6 milyon rubldan çox cərimə ödəyib.
Milli.Az xəbər verir ki, bu barədə Rusiyanın Abireg nəşri məlumat yayıb.
Məlumata görə, söhbət Voronejin Yeniseyevskaya küçəsində yerləşən "Yardı Superbar" restoranından gedir. Voronej Regional Arbitraj Məhkəməsi təxminən bir il əvvəl obyekti icazəsiz tikili kimi tanıyaraq onun sökülməsi barədə qərar qəbul edib.
Lakin Yusif Xəlilov məhkəmə qərarını icra etməyib. Federal Məhkəmə İcraçıları Xidmətinin regional idarəsinin məlumatına görə, sahibkar icraçıların tələblərinə indiyədək əməl etməyib. Bu səbəbdən hər gecikmə gününə görə ona 30 min rubl cərimə hesablanır.
Hazırda restoranın yerləşdiyi bina istifadəsiz vəziyyətdədir, ətraf ərazi isə ot basmış vəziyyətdədir. Obyektin elektrik enerjisi kəsilib, məhkəmə icraçıları qaz təchizatının da dayandırılmasını tələb ediblər. Sahibkar məhkəmə qərarını icra etməzsə, şəhər administrasiyası binanı özü sökməyi planlaşdırır.
Bundan başqa, iş adamı ilə bağlı məhkəmə prosesi də davam edir. Dekabrın ortalarında şəhər administrasiyasının Yusif Xəlilova məxsus restoranın yerləşdiyi iki torpaq sahəsinin müsadirə edilərək açıq hərracda satışa çıxarılması ilə bağlı iddiasına baxılacaq.
Nəşrin məlumatına görə, Xəlilov daha əvvəl mübahisəni məhkəmədənkənar həll etməyə çalışıb. O, beş həyətin təmiri və ya tikinti ilə bağlı iddiaların aradan qaldırılması müqabilində şəhər büdcəsinə 15 milyon rubl ödəməyi təklif edib. Lakin tərəflər razılığa gələ bilməyiblər.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)