İlin müəyyən dövrlərində mağazalarda elan olunan bu kampaniyalar alıcılar üçün sərfəli alış-veriş imkanı yaradır. Bu fürsətdən yararlanaraq ehtiyaclarını daha ucuz qiymətə qarşılayanlar da var.
Milli.Az xəbər verir ki, elan olunan endirimlərin real olduğuna şübhə ilə yanaşanlar da az deyil. Bunu satış strategiyası hesab edirlər. Qiyməti 50 manat olan bir məhsulu 100 manata qaldırıb, sonra 70 manata salırlar. Bunu bizə Qara Cümə edir. Məsələn, məhsulun qiyməti əvvəlcə artırılır, daha sonra isə bizə endirim kimi təqdim olunur.
Sahibkarlar isə endirimlərin məhsulun maya dəyəri və digər xərclər nəzərə alınmaqla müəyyənləşdirildiyini deyirlər:
"Hər bir məhsula yüksək endirim tətbiq etmək mümkün deyil. Çünki məhsulun maya dəyəri, gömrük xərcləri və anbarda tutduğu yerə görə digər xərclər var. Bunları nəzərə alaraq müəyyən endirimlər tətbiq olunur.
Amma müştərilərin bu gün də əmin olmaları üçün mütləq şəkildə öncədən istədikləri məhsulun qiymətini müəyyən etmələri, daha sonra isə həmin Qara Cümə günü məhsulun endirimli olub-olmadığını və nə qədər endirim edildiyini müşahidə etmələri lazımdır".
Mütəxəssislər isə hesab edirlər ki, bəzi endirimlər satışda uzun müddət qalan və tələbatı azalan məhsullardan qurtulmaq məqsədi daşıyır.
Məsələ ilə bağlı iqtisadçı Ruslan Atakişiyev bildirib ki, məhsulun müəyyən bir həyat dövrü var:
"Məhsul yaranır, doğulur, satılır, onun daha yaxşı dövrü başlayır, sonradan isə artıq sönməyə və ölməyə doğru gedir. Məhsulun ən yüksək qiyməti həmişə onun yeni yarandığı və bazara yeni təqdim olunduğu dövrdə olur. Bu dövrdə nə qazandınsa, sonrakı mərhələdə kampaniyalar başlayır və məhsul ömrünün sonuna doğru getdikcə artıq qiymətini aşağı salır. Ona görə də həmin dövrdə maksimum dərəcədə qazanmağa çalışırlar".
Marketoloqlar hesab edirlər ki, saxta endirimlər istehlakçı etibarını zəiflədir və sağlam rəqabət mühitinə mənfi təsir göstərir.
Mövzu ilə bağlı marketoloq Müşfiq İskəndərov bildirib ki, ölkəmizdə məhsul rəqabətliliyi fonunda keçirilən kampaniyalarda daha çox aldatma halları müşahidə olunur:
"Məhsul qiymətinin əvvəlcədən qaldırılıb, sonradan özəl günlərdə nisbətən endirilməsi, həmçinin məhsullar üzərindəki saxta endirim faizləri və aldadıcı çağırışlar marketinq fəaliyyətinə düzgün yanaşmanı əks etdirmir. Əksinə, marka ilə müştəri arasındakı bağı daha da zəiflədən amillərdən biridir".
Məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin də mövqeyini öyrəndik.
Qurumdan bildirildi ki, satıcılar endirim kampaniyaları zamanı məhsulun əvvəlki və yeni qiymətini, eləcə də endirimin müddətini göstərməlidirlər. İstehlakçıları çaşdıran qiymət və güzəştlər barədə həqiqətə uyğun olmayan reklamların yayılması qanunla qadağandır. Bu tələblərin pozulmasına görə qanunvericilikdə müvafiq məsuliyyət tədbirləri nəzərdə tutulur.
İstehlakçılar hüquqlarının pozulduğunu düşündükdə Agentliyə rəsmi internet səhifəsi və ya elektron poçt vasitəsilə müraciət edə bilərlər.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)