Elektrikli maşınları kabelsiz şarj edə biləcəyik

25 Noyabr 2026 09:45

Elektrikli avtomobillərin şarj prosesini daha rahat və dəqiq etmək üçün yeni texnoloji həll təqdim olunub.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Osaka Universiteti, Tokai Rika şirkəti və Kaliforniya Universitetinin San-Dieqo kampusundan olan mütəxəssislər avtomobillərin simsiz enerji doldurma platformasında düzgün mövqelənməsinə imkan verən sistem hazırlayıblar.

Yeni texnologiya sayəsində sürücülər avtomobili hər hansı kabelə qoşmadan, xüsusi şarj platformasının üzərində saxlamaqla enerji yığa biləcəklər. Bunun üçün nəqliyyat vasitəsinin platformada düzgün yerləşməsi vacibdir. Çünki cəmi bir neçə santimetrlik fərq belə enerji ötürülməsinin effektivliyinə mənfi təsir göstərə bilər.

Tədqiqatçılar bu çətinliyi aradan qaldırmaq üçün ultra genişzolaqlı radio rabitəsindən (UWB) yararlanıblar. Avtomobilin alt hissəsində yerləşdirilən dörd qurğu platformanın ətrafındakı antenalarla əlaqə quraraq maşının yerini və istiqamətini müəyyənləşdirir. Sistem eyni zamanda sürücüyə avtomobili hansı tərəfə və nə qədər hərəkət etdirməli olduğunu bildirir.

Laboratoriya sınaqlarının nəticələrinə əsasən, sistemin mövqeni müəyyənləşdirmə zamanı orta xətası 2,32 millimetr, istiqaməti təyin etmə xətası isə 0,25 dərəcə təşkil edib.

Yeni texnologiyanın elektrikli avtomobillərdə kabelsiz şarj prosesini daha dəqiq, əlçatan və rahat hala gətirəcəyi gözlənilir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)