Kartof, pomidor sousu və ədviyyatlı küftənin birləşməsindən hazırlanan İzmir küftəsinin quru olmaması və dadlı alınması üçün xəmirin dincəldilməsi, kartofun əvvəlcədən yüngül qızardılması və sousun düzgün hazırlanması əsas şərtlərdir.
Milli.Az lazım olan ərzaqları təqdim edir:
Küftə üçün: 500 qram orta yağlı qiymə, 1 ədəd baş soğan, 2 diş sarımsaq, 3 xörək qaşığı suxarı, 1 ədəd yumurta, 1 çay qaşığı cirə, 1 çay qaşığı qara istiot, 1 çay qaşığı duz.
Digər ərzaqlar: 4 ədəd orta boy kartof, 2 ədəd pomidor, 3 ədəd yaşıl bibər, qızartmaq üçün duru yağ.
Sous üçün: 1 xörək qaşığı pomidor pastası, 1 xörək qaşığı zeytun yağı, 1,5 stəkan isti su, bir qədər duz.
Hazırlanma qaydası
Qiyməni geniş qaba qoyun; üzərinə sürtgəcdən keçirilmiş və suyu sıxılmış soğan, əzilmiş sarımsaq, yumurta, suxarı və ədviyyatları əlavə edib bir neçə dəqiqə yoğurun. Qarışığı soyuducuda təxminən 20 dəqiqə dincəldin.
Kartofları soyub dilimləyin və tavada az yağla yüngül qızardın (tam bişməsinə ehtiyac yoxdur, rənginin dəyişməsi kifayətdir).
Dincəlmiş qiymədən uzun və yastı küftələr düzəldib tavada qısa müddət möhürləyin.
Küftələri, kartofları, dilimlənmiş pomidor və yaşıl bibərləri soba qabına ardıcıl düzün.
Pomidor pastası, zeytun yağı, isti su və duzu qarışdırıb qabın üzərinə gəzdirin.
Əvvəlcədən 190 dərəcə qızdırılmış sobada təxminən 30-35 dəqiqə bişirin. Düyü plovu və ya cacığla süfrəyə verə bilərsiniz.
Əsas incəliklər
Qurumaması üçün orta yağlı qiymə seçilməli, xəmirin dincəldilməsi isə formanın saxlanmasına kömək etməlidir.
Kartofun əvvəlcədən yüngül qızardılması sobada dağılmasının qarşısını alır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)