Əməliyyatxanalarda niyə ağ yox, yaşıl və mavi geyimlər istifadə olunur? - Elmi səbəb

25 Noyabr 2026 01:01

XX əsrin əvvəllərindən etibarən əməliyyatxanalarda ağ xalatların yerini yaşıl və mavi formaların almasının arxasında cərrahların görmə dəqiqliyini qoruyan mühüm optik və nevroloji səbəblər dayanır.

Milli.Az xəbər verir ki, əməliyyat zamanı saatlarla qırmızı və çəhrayı toxumalara baxan cərrahların beynində "rəng yorğunluğu" yaranır və göz qırmızının incə çalarlarını seçməkdə çətinlik çəkir. Görmə üzrə mütəxəssis psixoloq Con Vernerin izahına görə, rəng dairəsində qırmızının əks tərəfində yerləşən yaşıl və maviyə baxmaq bu yorğunluğu azaldır və cərrahın toxumalar arasındakı vacib detalları daha aydın görməsinə kömək edir.

Uzun müddət parlaq qırmızı rəngə baxdıqdan sonra gözü ağ səthə çevirdikdə optik illüziya nəticəsində yaşıl rəngli xəyali ləkələr görünür. Padua Universitetindən Paola Bressanın sözlərinə görə, ağ geyimlərdə diqqəti yayındıran bu görüntülər yaşıl və ya mavi parçanın üzərində görünməz olur və cərrahın diqqətini cəmləyərək əməliyyatı davam etdirməsinə şərait yaradır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)