Noyabrın 22-də Bakının Lökbatan qəsəbəsində 10 yaşlı qız yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, hadisə saat 13:00 radələrində yaşayış zonalarından birində baş verib. Yaşıdları ilə oynayan qız meydançadan kənara düşən topu götürmək üçün yolun hərəkət hissəsinə qaçıb. Bu zaman hərəkətdə olan avtomobil onu vurub.
İlkin ehtimala görə, sürücünün yaşayış zonası üçün nəzərdə tutulan sürət həddini aşması və yola qaçan uşağı vaxtında görməməsi faciə ilə nəticələnib.
Baş Dövlət Yol Polisi İdarəsi baş verən hadisə ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib. İdarə sürücüləri yaşayış zonalarında sürət həddinə ciddi riayət etməyə, piyadalara qarşı diqqətli və ehtiyatlı davranmağa çağırıb.
Qeyd olunub ki, yaşayış zonaları uşaqların oynadığı, insanların istirahət etdiyi və gündəlik fəaliyyətlərini həyata keçirdiyi ərazilər olduğundan burada hərəkət zamanı xüsusi diqqət və məsuliyyət tələb olunur.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)