COP31 çərçivəsində mühüm nəticələr əldə olunub - Yalçın Rəfiyev

23 Noyabr 2026 22:11

Qardaş Türkiyəni COP31-ə yüksək səviyyədə ev sahibliyi etməsi münasibətilə təbrik edirik. Göstərilən müstəsna qonaqpərvərliyə və nümayiş etdirilən liderliyə görə dərin minnətdarlığımızı bildiririk.

Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev "X" sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, COP31 çərçivəsində Ədalətli Keçid üzrə İş Proqramı, İqlim Dəyişikliyinə Uyğunlaşma üzrə Qlobal Məqsəd, İqlim Maliyyələşdirilməsi üzrə İş Proqramı və Uyğunlaşma Fonduna dair mühüm nəticələr əldə olunub.

"COP31-ə sədrlik edən Türkiyəyə və danışıqlar üzrə Avstraliya sədrliyinə könüllü şəkildə yekun qərar layihəsinin irəli sürülməsində göstərdikləri təşəbbüsə, eləcə də inklüziv, şəffaf və iştirakçı ölkələrin rəhbər rol oynadığı proses vasitəsilə konsensusa nail olmaq üçün göstərdikləri səylərə görə xüsusi təşəkkürümüzü bildiririk.

İqlim danışıqlarının mürəkkəb xarakteri səbəbindən hər zaman konsensusa nail olmaq mümkün olmasa da, bu istiqamətdə qətiyyətli səylər yüksək qiymətləndirilməyə layiqdir.

Türkiyəyə qarşıdakı bir il ərzində COP31 sədrliyini uğurla həyata keçirməyi arzulayırıq. COP32-yə sədrlik edəcək Efiopiya ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik", - deyə Y. Rəfiyev bildirib.

Milli.Az