Xətai rayonunda ağac və kollar məhv edildi - 3360 manat ziyan

23 Noyabr 2026 17:34

Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 15 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.

Araşdırma zamanı ərazidə obyekt tikintisi aparılan zaman 1 şam tingi və 6 nar kolunun məhv edildiyi, təbiətə 3360 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. 

Faktla bağlı obyektin sahibi Elməddin Aslanov barəsində akt tərtib olunub və cərimə olunması istiqamətində qanunamüvafiq tədbirlər görülür. 

Eyni zamanda, məhv edilmiş yaşıllıqların əvəzinə ərazidə 5 sərv ağacı əkilib, identifikasiya etiketi vurularaq agac az portalında yerləşdirilib.