Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib. Sənəddə seçki hüququ, vətəndaşlıq, dövlət başçısının səlahiyyətləri və siyasi partiyaların fəaliyyəti ilə bağlı bir sıra yeniliklər nəzərdə tutulur.
Milli.Az xəbər verir ki, "Armenia Today" nəşri yeni layihəni hazırkı Konstitusiya ilə müqayisə edərək əsas dəyişiklikləri açıqlayıb.
Layihədə diqqət çəkən 8 əsas yenilik bunlardır:
1. Müstəqillik Bəyannaməsinə istinad çıxarılır
Yeni layihədə Ermənistanın 1990-cı il avqustun 23-də qəbul edilmiş Müstəqillik Bəyannaməsinə istinad nəzərdə tutulmur.
2. Seçkilərdə iştirak qaydası dəyişir
Parlament seçkilərində və referendumlarda səs vermək istəyən vətəndaş son iki il ərzində ən azı bir il Ermənistanda daimi yaşamalıdır.
3. Vətəndaşlıqdan məhrumetmə mümkün olacaq
Dövlət təhlükəsizliyinə və konstitusiya quruluşuna qarşı cinayətlər törədən şəxslərin məhkəmə qərarı ilə vətəndaşlıqdan məhrum edilməsi təklif olunur. Hazırkı Konstitusiyada bu qadağandır.
4. Siyasi partiyalara nəzarət gücləndirilir
Partiyaların yalnız vətəndaş ianələri və qanunla nəzərdə tutulan dövlət maliyyəsi hesabına fəaliyyət göstərməsi nəzərdə tutulur. Konstitusiya Məhkəməsinə müəyyən hallarda partiyaları qadağan etmək səlahiyyəti verilir.
5. Prezidentliyə namizədlər üçün yaş həddi azalır
Prezidentliyə namizədlər üçün minimum yaş həddinin 40-dan 35-ə endirilməsi, dövlət başçısının səlahiyyətlərinin isə genişləndirilməsi təklif olunur.
6. Parlamentin səlahiyyətləri artırılır
Parlamentə ayrı-ayrı nazirlərə və vəzifəli şəxslərə etimadsızlıq göstərmək, həmçinin deputatların beşdə üçünün səsi ilə özünü buraxmaq imkanı verilir.
7. Referendum qaydaları yenilənir
Konstitusiyanın qəbul edilməsi üçün tələb olunan minimum dəstək həddinin seçki hüququ olan vətəndaşların dörddə birindən üçdə birinə qaldırılması təklif edilir. Referendumda iştirak edənlərin yarıdan çoxu layihəni dəstəkləməlidir. Eyni zamanda, layihənin referenduma çıxarılması üçün parlamentdə tələb olunan səs çoxluğu üçdə ikidən beşdə üçə endirilir.
8. Hakimlər və kilsə ilə bağlı dəyişikliklər
Yeni Konstitusiya qüvvəyə mindikdən sonrakı beş il ərzində hazırkı hakimlərin peşəkarlığı və dürüstlüyünün birdəfəlik yoxlanılması nəzərdə tutulur. Erməni Apostol Kilsəsinin milli kilsə statusu saxlanılır, dövlətlə münasibətlərinin isə ayrıca saziş deyil, qanunla tənzimlənməsi təklif olunur.
Qeyd edək ki, təqdim olunan sənəd yeni Konstitusiya layihəsidir. Onun qüvvəyə minməsi üçün nəzərdə tutulan hüquqi prosedurların tamamlanması tələb olunur.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)