Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp TRIPP layihəsinə start veriblər.
Milli.Az xəbər verir ki, Ermənistan mediasının məlumat yayıb.
Məlumata görə, Paşinyan və Tramp videomüraciətlə çıxış edərək, Ermənistan ərazisindən keçən TRIPP marşrutu layihəsinə start veriblər.
Ermənistanın Baş naziri videomüraciətində 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanan sənədin Cənubi Qafqazı dəyişdirdiyini və uzunmüddətli sülhün əsasını qoyduğunu bildirib. O, layihənin Ermənistanın iqtisadi inkişafında və ölkənin xarici bazarlara çıxışında mühüm rol oynayacağını da qeyd edib.
Qeyd edək ki, TRIPP - "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" adlanır. Layihə 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə əldə olunmuş razılaşmalar çərçivəsində icra olunacaq. Layihənin idarə olunması üçün ABŞ və Ermənistanın iştirakı ilə xüsusi şirkətin yaradılması nəzərdə tutulur.
Təklifə əsasən, şirkətdə ABŞ-ın payı 74 faiz, Ermənistanın payı isə 26 faiz olacaq. Razılaşmanın müddətinin uzadılması halında Ermənistanın payının 49 faizə çatdırılması imkanının nəzərdə tutulduğu bildirilir.
TRIPP Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat və logistik əlaqəni təmin edəcək.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)