"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone İspaniya çempionatında yeni uğura imza atıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, rgentinalı mütəxəssis La Liqada qazandığı qələbələrin sayına görə turnirin tarixində ən yaxşı göstəriciyə sahib çalışdırıcı olub.
Simeone bu rekordu XIII turda "Xetafe" ilə keçirilən səfər matçında qeydə alıb. Madrid təmsilçisi rəqibini 3:0 hesabı ilə məğlub edib. Bu nəticə argentinalı məşqçinin İspaniya çempionatında 345-ci qələbəsi kimi tarixə düşüb.
Beləliklə, Simeone uzun illər bu göstəriciyə sahib olan Luis Araqonesi geridə qoyub. Araqonesin aktivində 344 qələbə olub. Maraqlıdır ki, Simeone bu nəticəyə 567 oyunda nail olduğu halda, onun sələfi 344 qələbə üçün 756 qarşılaşma keçirib.
Qeyd edək ki, 56 yaşlı mütəxəssis 2011-ci ildən "Atletiko Madrid"ə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda iki dəfə İspaniya çempionluğunu (2014, 2021), ölkə kubokunu (2013) və Superkuboku (2014) qazanıb. Madrid klubu Simeonenin baş məşqçiliyi dövründə iki dəfə Avropa Liqasının (2012, 2018) və UEFA Superkubokunun (2012, 2018) qalibi olub. Həmçinin "Atletiko" onun rəhbərliyi ilə 2014 və 2016-cı illərdə Çempionlar Liqasının finalına yüksəlib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)