Asif Əsgərov "Şöhrət" ordeni ilə təltif edilib
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Asif Yunis oğlu Əsgərov "Şöhrət" ordeni ilə təltif edilib.
Qeyd edək ki, Asif Əsgərov 1966-cı ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub. 1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.
1996-cı ildən Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində idarə rəisi, Baş idarə rəisi, 2000-2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirinin müavini, 2006 2009-cu illərdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, 2009-2015-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı olub.
Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə isə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində qələbə qazanaraq Milli Məclisin deputatı seçilib.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Gənclər və idman komitəsinin üzvüdür.
Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının üzvüdür.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)