Texnologiya mütəxəssisləri smartfonların evdə harada saxlanılmasının həm cihazın ömrünə, həm də insan sağlamlığına birbaşa təsir etdiyini bildirirlər.
Milli.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, xüsusilə hamam otağı və böyük güzgülərin qarşısı telefonlar üçün "kor nöqtə" yaradır.
Bu ərazilərdə telefonu saxlamağın əsas zərərləri:
Radiasiyanın 2 dəfə artması: Qalın divarlı hamam otaqları və arxası metal örtüklü güzgülər baza stansiyalarından gələn siqnalların qarşısını kəsir və dalğaları əks etdirir. Telefon zəifləyən siqnalı tutmaq üçün anten gücünü avtomatik olaraq maksimum həddə qaldırır ki, bu da yayılan radiasiya (SAR) miqdarını normal şəraitlə müqayisədə 2 dəfəyə qədər artırır.
Buxar təhlükəsi: Suya davamlılıq sertifikatı olan telefonlar belə isti su buxarına qarşı müdafiəsizdir. Mikroskopik su zərrəcikləri dinamik və şarj yerlərindən içəri sızaraq cihazın ana platasında oksidləşməyə (paslanmaya) səbəb ola bilər.
Batareyanın zəifləməsi: Daim yüksək güclə siqnal axtaran telefon gözləmə rejimində belə normadan çox enerji sərf edir. Bu isə batareyanın sürətlə qızmasına və ömrünün qısalmasına gətirib çıxarır.
Telefonu hara qoymalıyıq?
Mütəxəssislər evdə olarkən smartfonları siqnalı kəsməyən açıq sahələrdə - taxta masaların və ya parça səthlərin üzərində saxlamağı məsləhət görürlər. Gecə yatarkən isə elektromaqnit təsirini azaltmaq üçün telefonu başucundan ən azı bir metr uzağa qoymaq və ya "təyyarə rejimi"nə keçirmək tövsiyə olunur.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)