“Mercedes” bu avtomobili 25 milyon avroya hərraca çıxaracaq

22 Noyabr 2026 08:48

"Mercedes-Benz" şirkəti ən nadir avtomobillərindən biri olan C111-II prototipini Parisdəki Luvr Muzeyində keçiriləcək hərracda satışa çıxarmağı planlaşdırır.

Milli.Az Trend-ə istinadən bildirir ki,  avtomobilin ilkin dəyəri 25 milyon avro olaraq müəyyən edilib.

Hərraca "Car 33" adlı prototip çıxarılacaq. Bu, 345 at gücünə malik Wankel tipli fırlanan mühərriklə təchiz edilmiş və saatda 300 kilometr sürət yığa bilən üçüncü C111-II avtomobilidir.

"Car 33" ilk bloklanma əleyhinə əyləc sistemlərindən birinin sınaqdan keçirilməsində istifadə olunub. 1971-ci ildə isə dirijor Herbert fon Karayanın istifadəsinə verilib.

Qeyd edək ki, 1969-cu ildə C111 modelini almaq istəyənlər "Mercedes-Benz"ə Ştutqarta boş çeklər göndərsələr də, şirkət avtomobillərdən heç birini satışa çıxarmayıb.

Hərracın 2027-ci ilin fevralında keçirilməsi planlaşdırılır. Satışdan əldə olunacaq vəsait "Mercedes-Benz" Muzeyinin təmirinə yönəldiləcək. Alıcıya isə 25 il ərzində başqa heç bir C111 avtomobilinin satışa çıxarılmayacağına dair zəmanət veriləcək.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)