Dünyaşöhrətli zərgər Bulqari vəfat edib

21 Noyabr 2026 21:10

Məşhur Bulgari zərgərlik brendini yüksək moda dünyasına gətirən ailə üzvü və zərgər Paolo Bulgari 89 yaşında vəfat edib.

Dəfn mərasimi noyabrın 23-də Romada keçiriləcək.

Paolo Bulgarinin babası, cibində cəmi bir neçə sikkə ilə Romaya gələn yunan mühaciri Sotirio tərəfindən əsası qoyulan zərgərlik brendinin tarixi İtaliya paytaxtı ilə sıx bağlıdır. Sotirio ilk gümüş məmulatlar mağazasını 1894-cü ildə Via Sistina küçəsində açıb.

Tarixi mağaza 11 il sonra Piazza di Spagna meydanının yaxınlığında, Via Condotti küçəsində fəaliyyətə başlayıb. Paolo Bulgari atasından şirkəti miras alıb. Atası qardaşı Kostantino ilə birlikdə ailə biznesini beynəlxalq səviyyəyə çatdırmışdı.

Bulgari ailəsi Paolonun vəfatı ilə bağlı açıqlamasında bildirib: "Dövrümüzün böyük zərgərlərindən biri vəfat etdi".

Brendin ən parlaq dövrü 1960-1970-ci illərə təsadüf edib. Həmin illərdə onun müştəriləri arasında məşhur kino ulduzları da yer alıb.

Şirkət 2011-ci ilədək ailənin mülkiyyətində olub, daha sonra Fransanın LVMH şirkətlər qrupuna satılıb. Bununla belə, Bulgari brendi Roma ilə sıx əlaqələrini qoruyub saxlayır. Belə ki, şirkət bu yaxınlarda Piazza Imperatore Augusto meydanında hotel açıb və yaxınlıqda yerləşən qədim Avqust məqbərəsinin bərpasını da öz üzərinə götürüb./Trend