Eyyub Quliyev İtaliyada keçirilən ilk Aralıq dənizi Beynəlxalq Dirijorlar Müsabiqəsinin münsiflər heyətində Azərbaycanı təmsil edib - (Foto)

21 Noyabr 2026 15:12

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Azərbaycan Dövlət Kamera Orkestrinin dirijoru, Əməkdar artist Eyyub Quliyev noyabrın 9-dan 15-dək İtaliyanın Apuliya regionunda keçirilən ilk Aralıq dənizi Beynəlxalq Dirijorlar Müsabiqəsinin (Mediterranean International Conducting Competition 2026) beynəlxalq münsiflər heyətinin üzvü olub. Bu barədə musiqiçi Trend-ə məlumat verib.

Eyyub Quliyev bu beynəlxalq müsabiqənin münsiflər heyətində Azərbaycanı ilk dəfə təmsil edib.

"İtaliyanın Molfetta və Bişelye şəhərlərində keçirilən genişmiqyaslı musiqi yarışı görkəmli italyan dirijoru və musiqi pedaqoqu, maestro Mariano Pattinin xatirəsinə həsr olunub. Müsabiqədə dünyanın 30-dan çox ölkəsindən 100-ə yaxın gənc dirijor iştirak edib", - deyə Eyyub Quliyev bildirib.

Musiqiçi tanınmış dirijorları, ifaçıları və aparıcı musiqi təşkilatlarının nümayəndələrini bir araya gətirən beynəlxalq münsiflər heyətinin tərkibinə daxil olub. Münsiflər heyətinin sədri italyan dirijor Marko Qvidarini olub. Komissiyanın digər üzvləri Sara Alleqretta (İtaliya), Fakundo Aqudin (İsveçrə - Argentina), Savitri de Roşfor (Fransa), Pavel İonesku-Ambrosie (Rumıniya), Kalle Kanttila (Finlandiya), Kristian Knapp (ABŞ) və Andrea Sanquineti (İtaliya - Almaniya) olub.

Müsabiqənin seçim mərhələləri və yarımfinalı Molfetta şəhərindəki Auditorium Madonna della Rosa zalında keçirilib. Final mərhələsi isə noyabrın 15-də Bişelye şəhərinin tarixi Teatro Garibaldi teatrında baş tutub.

Yekun konsert Orchestra Sinfonica Federiciana simfonik orkestrinin iştirakı ilə keçirilib. Finalçılar peşəkar simfonik kollektivlə çalışaraq dirijor pultu arxasında öz istedad və bacarıqlarını nümayiş etdirmək imkanı əldə ediblər.

İlk dəfə təşkil olunan Mediterranean International Conducting Competition gənc istedadların dəstəklənməsi, peşəkar təcrübə mübadiləsi və akademik musiqi sahəsində beynəlxalq əməkdaşlığın inkişafı üçün yeni platforma rolunu oynayıb.

Eyyub Quliyevin beynəlxalq müsabiqənin münsiflər heyətində iştirakı Azərbaycan musiqi sənətinin xaricdə tanıdılması baxımından əlamətdar hadisədir. Belə nüfuzlu peşəkar komissiyada Azərbaycanın təmsil olunması yerli musiqiçilərin beynəlxalq miqyasda artan iştirakını, eləcə də Azərbaycan dirijorluq məktəbinin dünya musiqi ictimaiyyəti ilə əlaqələrinin möhkəmlənməsini nümayiş etdirir.