Tramp və Putin görüşünün pərdəarxası

21 Noyabr 2026 10:54

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Çində keçirdiyi görüşün təfərrüatlarını bölüşüb. O, Moskvanın Ukrayna ilə müharibəni diplomatik yollarla başa çatdırmaq niyyətində olduğunu iddia edib.

Milli.Az xəbər verir ki, Tramp bu barədə Asiya səfərindən qayıtdıqdan sonra Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

ABŞ lideri Putinlə görüşün yaxşı keçdiyini bildirib. Onun sözlərinə görə, Rusiya Prezidenti müharibənin diplomatik həllinin tərəfdarı olduğunu açıq şəkildə ifadə edib.

Tramp münaqişənin sona çatdırılmasını çətinləşdirən əsas amillərdən biri kimi Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasındakı münasibətləri göstərib. O qeyd edib ki, tərəflərin hər ikisi müharibənin bitməsini istəsə də, ortaq çıxış yolu tapmaqda çətinlik çəkirlər. Vaşinqton isə bu istiqamətdə hər iki tərəfə yardım etməyə çalışır.

Tramp görüş zamanı Putinlə müharibənin başlanması ehtimalı barədə də danışdığını açıqlayıb. O, Rusiya liderinə ABŞ prezidenti olsaydı, Ukraynada müharibəyə başlayıb-başlamayacağını soruşduğunu deyib. Putinin cavabının isə "Xeyr, bu müharibə heç vaxt baş verməzdi" olduğunu bildirib.

Rusiya prezidentinə "dostum" deyə müraciət etməsi ilə bağlı suala da münasibət bildirən Tramp bunu Putinlə münasibətlərinin yaxşı olması ilə izah edib.

ABŞ Prezidenti Ukraynaya NATO-nun 4-cü və 5-ci maddələrinə bənzər təhlükəsizlik təminatlarının verilməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, bu mövzu yalnız tərəflər arasında yekun razılaşma əldə edildikdən sonra müzakirə oluna bilər. Tramp əvvəlcə sülh razılaşmasına nail olmağın vacibliyini vurğulayıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)