Xocalı soyqırımının şahidi Salman Abbasov doğma torpağında dəfn olundu
Milli.Az xəbər verir ki, Xocalı soyqırımının şahidi, əsirlikdə dəhşətli işgəncələrə məruz qalmış Salman Abbasov bu gün illərdir həsrətini çəkdiyi doğma Xocalıda torpağa tapşırılıb.
Mərhum Milli Qəhrəman, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı faciəsi zamanı lentə aldığı məşhur kadrlarla yaddaşlarda qalan və hazırda doğma yurdunda yaşayan Ləfxanım Mahmudovanın atasıdır.
Faciə zamanı ailə üzvləri ilə birlikdə erməni əsirliyinə düşən Salman Abbasov orada ağır fiziki işgəncələrə məruz qalıb. Qızı Ləfxanım Mahmudova illər öncə atasının yaşadığı o ağrılı günləri belə xatırlayırdı:
"Allah heç bir kişini, atanı, qardaşı qadın qarşısında aciz qoymasın. Bax o zaman kişilər aciz idilər. Atamın dişlərini çəkmişdilər, qabırğalarını sındırmışdilər. Atama o qədər işgəncə vermişdilər ki, yanımızda olsa da, günlərlə tanımamışıq."
Ağır sınaqlardan keçmiş Salman Abbasov ömrünün son illərində azad olunmuş doğma yurduna qovuşub və məhz Xocalı torpağında əbədiyyətə yola salınıb.
Allah rəhmət eləsin!
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)