Kolleclərə qəbul 11-ci sinifdən aparılacaq, qiyabi təhsil ləğv ediləcək

20 Noyabr 2026 15:39

2027-2030-cu illəri əhatə edən dövrdə, xüsusilə dövrün sonuna doğru kolleclərə qəbulun əsasən 11-ci sinif bazasından aparılması planlaşdırılır. 9-cu sinifdən qəbul isə peşə istiqaməti üzrə həyata keçiriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman 2026/2027-ci tədris ili: Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə həsr edilmiş tədbirdə deyib.

O bildirib ki, eyni zamanda qiyabi təhsil forması mərhələli şəkildə tamamilə məhdudlaşdırılır və aradan qaldırılır.

"Bunun əvəzində 2027-2030-cu illər üçün ilkin layihədə hibrid-distant təhsil formasının işlənməsi və tətbiqinə başlanılması nəzərdə tutulub. Bu modelin əvvəlcə pilot layihə kimi ali təhsil müəssisələrində, daha sonra isə digər təhsil pillələrində mərhələli tətbiqi nəzərdən keçirilir.

9-cu sinifdən məhdudlaşdırmalar və qiyabi təhsilin ləğvi beynəlxalq təcrübə və müasir tələblərlə bağlıdır",- deyə o qeyd edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)