Ermənistanın gizlətdiyi 204 məzarlıq: Minlərlə ailə cavab gözləyir

20 Noyabr 2026 14:22

2026-cı il noyabrın 19-20-də İrəvanda "İtkin düşmüş şəxslərin taleyi: humanitar dialoq və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilir. Ermənistanın Təhlükəsizlik Şurası Aparatının, Xarici İşlər Nazirliyinin və Qırmızı Xaç Cəmiyyətinin iştirakı ilə təşkil olunan tədbirdə ölkənin baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmi şəxslər itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, ailələrin məlumat almaq hüququ və humanitar əməkdaşlığın vacibliyindən danışırlar.

Lakin bu bəyanatlar fonunda mühüm bir sual aktuallığını qoruyur: Ermənistan tərəfi əməkdaşlığa hazır olduğunu bəyan etdiyi halda, indiyədək əldə olunmuş konkret razılaşmaların icrası istiqamətində hansı addımları atıb?

Azərbaycan üçün itkin düşmüş şəxslər məsələsi uzun illərdir həllini gözləyən ciddi humanitar problemdir. Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş 4 010 azərbaycanlının taleyi bu günədək məlum deyil. Onların arasında hərbçilərlə yanaşı, mülki şəxslər, qadınlar və uşaqlar da var. Minlərlə ailə onilliklərdir yaxınlarının harada dəfn edildiyini, hansı şəraitdə həlak olduğunu və ümumiyyətlə, talelərinin necə nəticələndiyini öyrənə bilmir.

Əslində, bu istiqamətdə Azərbaycan və Ermənistan arasında birbaşa əməkdaşlıq üçün müəyyən mexanizm artıq yaradılmışdı. 2025-ci ilin fevralından etibarən hər iki ölkənin itkin düşmüş şəxslər üzrə dövlət komissiyaları arasında vasitəçisiz təmaslar qurulmuş, görüşlər və telefon danışıqları keçirilmiş, konkret məsələlər üzrə şifahi razılaşmalar əldə edilmişdi. Həmin dövrdə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini tutan Armen Abazyan da birgə axtarış tədbirlərinə dair ilkin razılığı ictimai şəkildə təsdiqləmişdi.

Azərbaycan tərəfi Birinci Qarabağ müharibəsində əsir və girov götürülmüş, beynəlxalq təşkilatlardan gizlədilərək saxlanılmış 834 vətəndaşın siyahısını, o cümlədən 104 nəfər barədə ətraflı məlumatları Ermənistan tərəfinə təqdim etmişdi. Bundan əlavə, Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatında olmuş 54 azərbaycanlı əsirlə bağlı materiallar da qarşı tərəfə çatdırılmışdı. Həmin şəxslərdən 17-nin meyiti qaytarılıb, 33-nün saxlanma yerlərində öldüyü bildirilsə də, qalıqları təhvil verilməyib, dörd nəfərin isə taleyi naməlum qalıb.

Bununla yanaşı, Azərbaycan 2025-ci ilin may-iyun aylarında hadisələrin iştirakçısı və şahidi olmuş, itkinlərin taleyi, saxlanma yerləri və dəfn məkanları barədə məlumat verə biləcək şəxslərin siyahılarını da təqdim edib. Lakin Ermənistan tərəfi bu şəxslərin dindirilməsinin nəticələri və təqdim olunmuş materialların yoxlanılması barədə indiyədək məlumat verməyib.

Ən diqqətçəkən məqam isə Ermənistan tərəfinin Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlıların dəfn edildiyi 204 kütləvi və fərdi məzarlığın koordinatlarına malik olduğunu bildirməsidir. Həmin məlumatların Azərbaycana təqdim ediləcəyi vəd olunsa da, 19 noyabr 2026-cı il tarixinədək bu istiqamətdə konkret nəticə əldə edilməyib. Bu məlumatların açıqlanması itkinlərin axtarışına, insan qalıqlarının müəyyənləşdirilməsinə və ailələrin uzun illərdir gözlədiyi cavabların tapılmasına ciddi töhfə verə bilər.

Ermənistanın keçmiş yüksəkvəzifəli hərbi və siyasi nümayəndələrinin dəfn yerləri barədə məlumatlı olduqlarına dair açıqlamaları da məsələnin əhəmiyyətini artırır. Qaqik Melkonyan, Samvel Babayan və digər şəxslərin bu barədə səsləndirdikləri fikirlər mövcud məlumatların araşdırılmasının vacibliyini bir daha gündəmə gətirir.

Digər tərəfdən, itkinlərin axtarışı ilə mina təhlükəsi də birbaşa əlaqəlidir. Azad edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqların bir qisminin ətrafında mina təhlükəsinin mövcudluğu axtarış tədbirlərini çətinləşdirir. Ermənistanın dəfn yerlərinin koordinatları ilə yanaşı, dəqiq mina xəritələrini təqdim etməsi həm insanların təhlükəsizliyi, həm də itkinlərin taleyinin müəyyənləşdirilməsi baxımından vacibdir. Bu günədək mina təhlükəsi keçmiş döyüş bölgələrində axtarış və bərpa prosesinə ciddi maneələr yaradır.

Məsələnin beynəlxalq hüquqi və siyasi əhəmiyyəti də nəzərə alınmalıdır. 2025-ci il avqustun 8-də Vaşinqtonda paraflanmış Azərbaycan-Ermənistan sülh sazişi layihəsinin 9-cu maddəsində itkin şəxslər və məcburi yoxaçıxma halları üzrə əməkdaşlıq nəzərdə tutulur. Bu müddəa məlumat mübadiləsi, insan qalıqlarının axtarılması və qaytarılması, eləcə də müvafiq araşdırmaların aparılması üçün mühüm çərçivə yaradır. Deməli, itkinlər məsələsi yalnız humanitar deyil, həm də iki ölkə arasında etimadın formalaşması baxımından əhəmiyyətlidir.

Nikol Paşinyan və Ararat Mirzoyanın İrəvandakı konfransda səsləndirdikləri fikirlər də məhz bu kontekstdə qiymətləndirilməlidir. Ermənistan rəhbərliyinin ailələrin yaxınlarının taleyini bilmək hüququnu tanıması və əməkdaşlığa hazır olduğunu bildirməsi konkret addımlarla müşayiət olunmalıdır. Xüsusilə, Ermənistanın 2026-cı ilin mayında qüvvəyə minmiş itkin düşmüş şəxslər haqqında qanunu çərçivəsində bəyan edilən əməkdaşlıq niyyətinin real nəticələrə çevrilməsi gözlənilir.

Konfransın diqqətçəkən məqamlarından biri də itkin düşmüş hərbçilərin ailələrinin iştirakına dair məlumatlardır. Mətbuatda yayılan xəbərlərə görə, ailələrin tədbirdə sərbəst iştirak etməsi əvəzinə, yalnız beş nəfərlik nümayəndə heyətinin qatılması təklif olunub və iştirakçıların siyahısı güc strukturları tərəfindən müəyyənləşdirilib. Əgər bu məlumatlar təsdiqlənərsə, belə yanaşma itkin ailələrinin məsələnin müzakirəsində birbaşa iştirakının təmin edilməsi ilə bağlı əlavə suallar yaradır. Çünki itkinlərin taleyinə dair müzakirələrin əsas mərkəzində məhz cavab gözləyən ailələr dayanmalıdır.

Nəticə etibarilə, İrəvanda keçirilən beynəlxalq konfransın əhəmiyyəti orada səsləndirilən bəyanatlarla deyil, onların ardınca atılacaq praktiki addımlarla ölçülməlidir. Azərbaycan tərəfinin təqdim etdiyi siyahıların yoxlanılması, 204 dəfn yerinin koordinatlarının açıqlanması, şahidlərin dindirilməsi, insan qalıqlarının axtarışı və mina xəritələrinin təqdim edilməsi ilk növbədə icrası gözlənilən məsələlərdir.

İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi siyasi bəyanatların deyil, konkret məlumatların və əməli əməkdaşlığın nəticəsi olmalıdır. Onilliklərdir cavab gözləyən minlərlə ailənin haqqı yeni vədlər deyil, həqiqətin üzə çıxarılmasıdır. Ermənistanın əməkdaşlığa hazır olması barədə bəyanatları da məhz bu istiqamətdə atacağı real addımlarla təsdiqini tapmalıdır. 

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)