Minlərlə vətəndaşa şad xəbər: Həyətyanı torpaqlara çıxarış verilə bilər

20 Noyabr 2026 13:29

"Torpaq islahatı haqqında" qanuna uyğun olaraq vətəndaşlara verilmiş, lakin mülkiyyət hüquqları rəsmiləşdirilməmiş həyətyanı torpaq sahələrinin dövlət qeydiyyatına alınması üçün hüquqi əsasın yaradılması təklif olunur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Mülki Məcəllədə və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunda dəyişiklik edilməsi nəzərdə tutulur.

Hazırda mövcud olan problem Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin fəaliyyəti dövründə vətəndaşlara verilmiş həyətyanı torpaq sahələrinə dair müxtəlif sənədlərin tərtib edilməsi ilə əlaqədardır.

Belə ki, "Torpaq islahatı haqqında" qanuna əsasən, vətəndaşlara ayrılmış həyətyanı torpaq sahələri üzrə mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələr Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanırdı. Bu proses 2006-cı il iyulun 6-dək davam edib. Həmin tarixdən daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənəd kimi dövlət reyestrindən çıxarışların verilməsinə başlanıldığından şəhadətnamələrin tərtibi dayandırılıb və vətəndaşlara torpaq sahəsinin plan və ölçüsü sənədi verilib.

Nəticədə, 2006-cı il iyulun 6-dək müvafiq şəhadətnamə alan vətəndaşlarla həmin tarixədək müraciət etmədiyi üçün yalnız texniki xarakterli plan-ölçü sənədi əldə edən şəxslərin hüquqi vəziyyəti fərqlənib.

Plan-ölçü hüquqmüəyyənedici sənəd hesab edilmədiyindən, onun əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi mümkün olmayıb. Halbuki hər iki halda torpaq sahələri vətəndaşlara eyni hüquqi əsasla - torpaq islahatı çərçivəsində ayrılıb.

Oxşar vəziyyət bələdiyyələr tərəfindən vətəndaşlara ayrılmış və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 2006-2015-ci illərdə plan-ölçüsünü tərtib etdiyi həyətyanı torpaq sahələrinə münasibətdə də yaranıb.

Təklif olunan dəyişikliklərə əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edildiyi 2015-ci il fevralın 6-dək "Torpaq islahatı haqqında" qanuna uyğun olaraq vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə dair tərtib edilən plan-ölçü sənədi həmin torpaqlar üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas hesab ediləcək.

Dəyişikliklərin məqsədi eyni hüquqi əsaslarla torpaq sahəsi əldə etmiş, lakin fərqli sənədlərlə təmin olunmuş vətəndaşların hüquqi vəziyyətini eyniləşdirmək və onların mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına imkan yaratmaqdır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)