Türkiyəli müğənni və aparıcı Seda Sayan ailəsində yaşanan illər əvvəlki hadisə ilə bağlı diqqətçəkən açıqlama verib. Sənətçi bacısının ilk evliliyi dövründə həyat yoldaşı tərəfindən dəfələrlə aldadıldığını, lakin onun bunu uzun müddət qəbul etmək istəmədiyini söyləyib.
Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, televiziya proqramlarının birində qonaq olan Seda Sayan bacısının ərinə həddindən artıq güvəndiyini və ətrafındakıların xəbərdarlıqlarına baxmayaraq, xəyanət iddialarına inanmadığını bildirib.
Müğənni məsələni aydınlaşdırmaq üçün qeyri-adi üsula əl atdığını da gizlətməyib. O, bacısının həyat yoldaşının münasibətdə olduğu qadını taparaq birbaşa evə gətirdiyini və bacısının qarşısında oturdub həqiqəti göstərməyə çalışdığını deyib.
Seda Sayanın sözlərinə görə, bacısının ərinin bayramlarda, Yeni il gecəsində və digər xüsusi günlərdə evdə olmaması da şübhələri artırıb. Lakin bacısı bütün bunlara baxmayaraq, həyat yoldaşının xəyanət edə biləcəyinə inanmayıb.
Sənətçi hətta həmin qadını bacısının qarşısına çıxardıqdan sonra belə onun ərini müdafiə etməyə davam etdiyini bildirib. Seda Sayan sonda bütün cəhdlərinə rəğmən bacısını inandıra bilmədiyini və bu vəziyyətdə günahkar kimi özünün qaldığını etiraf edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)