Madridin "Real" klubu fransalı yarımmüdafiəçi Orelyen Çuameni ilə əməkdaşlığını uzun müddət davam etdirmək qərarına gəlib.
Milli.Az xəbər verir ki, tərəflər yeni müqavilənin şərtləri ilə bağlı razılıq əldə ediblər.
Klubun rəsmi məlumatına əsasən, yenilənmiş sözləşmə 2032-ci il iyunun 30-dək qüvvədə olacaq.
Orelyen Çuameni 2022-ci ildə "Real"a qoşulub. O, Madrid təmsilçisinin heyətində indiyədək 205 qarşılaşmada iştirak edib və bu müddətdə komanda ilə 8 titul qazanıb. Həmin uğurlar arasında UEFA Çempionlar Liqası, İspaniya La Liqası, İspaniya Kuboku, İspaniya Superkuboku, UEFA Superkuboku və klublararası dünya çempionatının kubokları da var.
Fransa millisinin də üzvü olan futbolçu milli komandada 50 oyun keçirib. Çuameni 2021-ci ildə yığma ilə UEFA Millətlər Liqasının qalibi olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)