ABŞ-nin Viskonsin ştatının Oşkoş şəhərindəki "Winnebago Correctional Center" adlı aşağı təhlükəsizlikli həbsxanadan 39 yaşlı məhkum Mario A. Ernandes piyada qaçıb. Polis məlumatına görə, 16 noyabr bazar ertəsi saat 19:17-də həbsxananı tərk edən Ernandesin qaçışı təxminən 80 dəqiqə sonra rəsmilərə bildirilib; onun çıxış anı təhlükəsizlik kameralarına düşüb.
Milli.Az xəbər verir ki, qaçan zaman Ernandesin əynində açıq boz papaq, yaşıl zamoklu gödəkçə, tünd rəngli cins şalvar və tünd ayaqqabı olub. Təxminən 1,78 metr boyu və 75 kiloqram çəkisi olan şəxsin Miluoki, Appleton və Hartlend bölgələri ilə əlaqələrinin olduğu qeyd edilib.
Polisin açıqlamasına əsasən, Ernandes ölümlə nəticələnən yol-nəqliyyat hadisəsindən sonra hadisə yerindən qaçma, zərərçəkəni hədələmə, eləcə də ailədaxili zorakılıq çərçivəsində boğma və nəfəssiz qoyma cinayətlərinə görə məhkum edilib. Onun tutulması üçün geniş axtarış işləri davam edir, əhalidən məlumatı olanların Oşkoş Polis Departamenti ilə əlaqə saxlaması xahiş olunub.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)