Ermənistan Qərbi Zəngəzur (erm. Syunik) bölgəsində qədim alban irsinə aid qayalıq yaşayış məskənlərini UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına təqdim etmək üçün sənədlər hazırlayır.
Bu barədə Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan parlamentdə çıxışı zamanı bildirib.
Nazir konkret adlar çəkməsə də, Qərbi Zəngəzurda qayalıq yaşayış məskənləri və kahalar yalnız Gorus yaxınlığındakı Xınzirək və Dığ kəndlərində yerləşir.
Milli.Az Trend-ə istinadən bildirir ki, hər iki kənd Qərbi Zəngəzurun tarixən azərbaycanlıların yaşadığı qədim yaşayış məntəqələri sayılır. Həmin kəndlərin tarixi abidələri sırasında qayalarda oyulmuş kahalar, qala, Alban memarlığının danılmaz elementləri olan bazilika və s. daxildir.
Ermənistanın tarixi Azərbaycan kəndləri olan Xınzirək və Dığ kəndlərindəki alban irsinə aid tarixi məskənlərini UNESCO-ya daxil etmək və özünküləşdirmək niyyəti Alban irsi nümunələrinin qorunması probmelini aktual edir.
Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı dönəmində Qarabağ və Şərqi Zəngəzurdakı Alban irsinə aid Gəncəsər və Xudavəng monastırlarını, digər abidələri da özünküləşdirmək, alban irsini yox etmək üçün fəaliyyətləri üzə çıxıb.
Xatırladaq ki, Xınzirək və Dığ kəndlərinin azərbaycanlı sakinləri XX əsrin 20-ci və 50-ci illərində etnik təmizləməyə məruz qalaraq zorla yaşadıqları ərazilərdən deportasiya olunublar.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)