Bakının Nərimanov rayonundakı "Baksol yolu" adlanan ərazidə yolun çökməsi nəticəsində kanalizasiyaya düşən 27 yaşlı Cümşüd Cümşüdlünün ölümü ilə bağlı başlanmış cinayət işi üzrə ittiham edilən Bakı Sukanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpaya dair sahə rəisi Azər Cümşüdovun məhkəməsi yekunlaşıb.
Milli.Az Oxu.az-a istinadla xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub, A.Cümşüdov 3 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən iclasda prokuror təqdirləndirilənin 5 il müddətinə azadlıqdan məhrum edilməsini və onun məhkəmə zalında həbsini istəmişdi.
Baş Prokurorluğun yaydığı məlumata görə, iyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında kollektorun çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.
Aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində kanalizasiya sularının təmizləmə anbarında tapılıb.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib, hadisəni əks etdirən müşahidə kameralarının görüntüləri əldə olunub. Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Dövlət Su Ehtiyatları Agentliyinin "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur. Faktla əlaqədar Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs qismində cəlb edilən Azər Cümşüdov həbs edilməyib, onun barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.
O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)