Avropa Komissiyasına kiberhücum: Şəxsi məlumatlar təhlükə altına düşdü

19 Noyabr 2026 16:24

Avropa Komissiyası genişmiqyaslı kiberhücuma məruz qalıb. Hücum nəticəsində çoxsaylı şəxsi məlumatların təhlükə altına düşdüyü bildirilir. Bundan başqa, qurum əməkdaşlarının əməkhaqqı və məzuniyyətlə bağlı məlumatları sistemə daxil etməsində problemlər yaranıb.

Milli.Az xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Avropa Komissiyası kiberhücumun əsas hissəsini lokallaşdırmağa nail olduğunu düşünsə də, dəymiş ziyanın tam miqyası hələ müəyyən edilməyib.

Adı açıqlanmayan Aİ nümayəndəsi bildirib ki, sistemlərin fəaliyyətinin yaxın vaxtlarda bərpa olunması gözlənilir. Bununla belə, hazırda daxil olan sorğulara cavabların verilməsində gecikmələr müşahidə olunur.

Nəşrin həmsöhbətləri qeyd ediblər ki, araşdırma aparan mütəxəssislər əməkdaşların şəxsi məlumatlarının ələ keçirilib-keçirilmədiyini müəyyənləşdirməyə çalışırlar.

Bildirilib ki, sistemlərdə yaranan nasazlıq artıq 10 gündən çoxdur davam edir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)