“Real” braziliyalı ulduzunu 60 milyona satmağa hazırdır

19 Noyabr 2026 16:22

"Real"ın braziliyalı hücumçusu Endrikin gələcəyi ilə bağlı yeni iddialar ortaya çıxıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Madrid klubunun 20 yaşlı futbolçu ilə vidalaşmaq variantını ciddi şəkildə dəyərləndirdiyi bildirilir.

Məlumata görə, "Kral klubu" Endrikin transferi üçün 60-70 milyon avro arasında dəyişən təklifləri nəzərdən keçirməyə hazırdır. Braziliyalı oyunçu ilə maraqlanan komandalar arasında İtaliyanın "Milan" klubu da yer alır.

Bununla belə, "Real" futbolçunun mümkün keçidi zamanı müqaviləyə geri satınalma bəndinin daxil edilməsini istəyir. Beləliklə, Endrik başqa komandada uğurlu çıxış edərsə, Madrid təmsilçisi onu yenidən heyətinə qaytarmaq hüququnu özündə saxlaya bilər.

Qeyd edək ki, hücumçunun "Real"la müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Endrik cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 141 dəqiqə meydanda olub, bir qol vurub və bir məhsuldar ötürmə verib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)