ABŞ Prezidenti Donald Trampın Asiya səfəri zamanı təhlükəsizlik və logistika baxımından diqqətçəkən məqam qeydə alınıb. Belə ki, dövlət başçısının təyyarəsini "Qiyamət günü" adı ilə tanınan E-4B Nightwatch da müşayiət edib.
Milli.Az xəbər verir ki, bu barədə "The War Zone" portalı məlumat yayıb.
Nəşrin məlumatına görə, xüsusi təyinatlı təyyarə Trampın Asiyaya uçuşu zamanı olduğu kimi, ABŞ-yə qayıdışı zamanı da onu müşayiət edən aviasiya qrupuna daxil edilib.
Bununla belə, E-4B Nightwatch-ın prezidentin səfərində iştirakı fövqəladə vəziyyət və ya təhlükə əlaməti hesab edilmir. Bu, ABŞ prezidentlərinin xarici ölkələrə səfərləri zamanı tətbiq olunan adi logistika və təhlükəsizlik tədbirlərindən biridir.
Xatırladaq ki, Donald Tramp Çin və Filippində keçirilən sammitlərdə iştirak edib. Səfər çərçivəsində o, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə də görüşüb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)