Peru Respublikasının Konqresində "Təqaüdlər və Akademik İmkanlar üzrə Beynəlxalq Sərgi" keçirilib. Müxtəlif ölkələrin diplomatik nümayəndəliklərinin, eləcə də təhsil sahəsində fəaliyyət göstərən dövlət qurumlarının iştirak etdiyi tədbirdə Azərbaycan Respublikası da təmsil olunub.
Sərginin açılış mərasimində Peru Senatının ikinci vitse-prezidenti Nilsa Çakon Truxillo, Konqresin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəhbəri Maribel Giraldo, Konqresin İxtisaslaşmış Xidmətlər üzrə Baş İdarəsinin direktoru Nelli Qonzales Figerola, Ali Universitet Təhsilinin Milli Nəzarət Orqanının rəhbəri Visente Espinoza, eləcə dəMilli Təqaüd və Təhsil Kreditləri Proqramının icraçı direktoru Diana Karolina Qonzales Delqado çıxış edərək xarici ölkələrin təqdim etdiyi təqaüd proqramlarının perulu gənclər üçün yaratdığı imkanların, beynəlxalq akademik mübadilənin və təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Azərbaycan stendi sərgi ziyarətçilərinin böyük marağına səbəb olub. Sərgi çərçivəsində ölkəmizin ali təhsil imkanları, nüfuzlu universitetləri, beynəlxalq tələbələr üçün yaradılmış təhsil şəraiti və dövlət tərəfindən həyata keçirilən təqaüd proqramları barədə ətraflı məlumat təqdim olunub. Xüsusilə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 8 iyul tarixli Sərəncamı ilə təsis edilmiş "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı barədə sərgi iştirakçılarına məlumat verilib.
Ölkəmizdə təhsil almaq istəyən perulu gənclərin və digər ziyarətçilərin sualları cavablandırılıb, təqaüd proqramının imkanları, müraciət qaydaları və iştirak şərtləri izah edilib, Azərbaycanın təhsil sistemi, tarixi və mədəni irsi haqqında müxtəlif məlumatlandırıcı materiallar paylanılıb.
Sərgidə iştirak Azərbaycanın Peru ictimaiyyətində tanıdılması, iki ölkə arasında təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də gənclər arasında akademik əlaqələrin və mədəni mübadilənin təşviqi baxımından əhəmiyyətli olub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)