Hər gün toyuq əti yemək bədəndə nəyi dəyişdirir? 6 əsas təsir

19 Noyabr 2026 00:44

Ən sevilən protein mənbələrindən biri olan toyuq ətinin hər gün istehlak edilməsinin insan sağlamlığı, beyin funksiyaları və əhval-ruhiyyə üzərindəki təsirləri açıqlanıb.

Milli.Az xəbər verir ki, mütəxəssislər ətin miqdarı, bişirilmə üsulu və seçilən hissəsinin vacibliyini vurğulayırlar.

Toyuq ətinin əsas faydaları: 9 əsas amin turşusunu ehtiva edən toyuq əti əzələlərin bərpasını, immun sistemini və gündəlik enerji ehtiyacını dəstəkləyir. Sıfır karbohidrat və aşağı yağ nisbəti ilə bir çox pəhriz proqramlarına uyğun gəlir. Lakin orqanizmin omeqa-3 və lif ehtiyacını qarşılamaq üçün menyu balıq, yumurta və paxlalılarla zənginləşdirilməlidir.

Hər gün toyuq yeməyin 6 əsas təsiri:

İltihab (Enflamasiya): Qırmızı və emal olunmuş ətlərlə müqayisədə iltihabı daha az tətikləyir, lakin həddindən artıq istehlak edildikdə tərkibindəki araşidonik turşu səbəbindən iltihaba zəmin yarada bilər.

Əhval-ruhiyyə: Tərkibindəki triptofan amin turşusu sayəsində xoşbəxtlik hormonu olan serotonin istehsalını stimullaşdırır.

Qan şəkəri: Karbohidrat ehtiva etmədiyi üçün qan şəkərini qəfil qaldırmır, əksinə karbohidratlı qidalarla yedikdə qlükoza sıçrayışlarını tarazlaşdırır.

İmmun sistemi: Sink, selenyum, B6 vitamini və zülal sayəsində immun hüceyrələrinin işini gücləndirir. Mütəxəssislər döş və bud ətinin növbəli şəkildə yeyilməsini tövsiyə edirlər.

Enerji səviyyəsi: Dəmir, niasin və gec həzm olunan zülal sayəsində gün ərzində bədənə tədricən enerji ötürür.

Toxluq hissəsi: Zülal tərkibi sayəsində qəlyanaltı istəyini azaldır və porsiyaya nəzarəti asanlaşdırır.

Porsiya və doğru bişirmə qaydaları:

Fiziki cəhətdən aktiv yetişkinlər üçün gündə orta hesabla 170-225 qram toyuq əti istehlakı ideal hesab olunur.

Qızartma və pane etmək əvəzinə sobada bişirmə, qaynatma, qrildə və ya airfryerdə hazırlamaq tövsiyə edilir.

Dərili toyuq əti yağ və kalori miqdarını təxminən iki dəfə artırır, hazır souslar isə yüksək miqdarda duz (sodyum) ehtiva edir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)