Çində çay nəqliyyatındakı uzun gözləmə müddətini aradan qaldıran və 3 min ton ağırlığındakı gəmiləri su dolu hovuzla birlikdə 113 metr yuxarı qaldıran nəhəng gəmi lifti istifadəyə verilib. Üç Boğaz Bəndində qurulan bu sistem ənənəvi üsullarla 4 saat çəkən keçid müddətini əhəmiyyətli dərəcədə azaldıb.
Milli.Az xəbər verir ki, gəmilər suyun tədricən yüksəlməsini və ya alçalmasını gözləmək əvəzinə, polad kabellər və əks-çəki mexanizmləri ilə asılan su dolu hərəkətli otağa daxil olur. Platforma sabitləndikdən sonra şaquli istiqamətdə hərəkətə başlayır.
Dünyanın ən böyük gəmi liftində dikey hərəkət cəmi 8 dəqiqə, gəminin giriş, qaldırılma və çıxış prosesləri daxil olmaqla bütün keçid isə cəmi 40 dəqiqə çəkir. Ənənəvi hovuz sistemlərində bu proses təxminən 4 saat vaxt aparırdı.
256 polad kabel ilə sinxronlaşdırılan əks-çəki sistemi hər səfərdə sərf olunan enerji miqdarını yüzdə 60-dan çox azaldıb, eyni zamanda su sərfiyyatını da aşağı salıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)