"La Scala"dan tutmuş sənətkarın unikal səsinə kimi - Kanadadan olan Vaqif Kərimovla müsahibə - (Foto/Video)

18 Noyabr 2026 21:05

Elə insanlar var ki, təbiətən təvazökar olduqları üçün özləri haqqında nadir hallarda danışır, ictimaiyyət qarşısında görünməyə can atmır və qazandıqları uğurları bölüşməyə meyil göstərmirlər. Təəssüf ki, bu səbəbdən onların adları geniş ictimaiyyətə kifayət qədər tanış olmur. Halbuki məhz belə insanlar onilliklər boyu ölkələrini beynəlxalq arenada təmsil edir, milli musiqi ənənələrini qoruyur və istedadlı ifaçıların yeni nəslini yetişdirirlər.

Milli.Az xəbər verir ki, Trend oxucularına artıq 35 ilə yaxındır Kanadada yaşayan və fəaliyyət göstərən Azərbaycanın Əməkdar artisti, opera müğənnisi və pedaqoq Vaqif Kərimovla müsahibəni təqdim edirik. Bu il maestronun 80 yaşı tamam olub. İtaliyada peşəkar musiqi təhsili alan, əfsanəvi Milanın "La Scala" teatrında təcrübə keçən, beynəlxalq səhnələrdə çıxış edən, Türkiyə və Kanadada gənc ifaçılara öz təcrübəsini ötürən sənətkar onilliklərdir ki, musiqiyə sadiq qalaraq milli mədəniyyətimizi xaricdə təmsil etməyə davam edir.

Uzun illər vətəndən uzaqda yaşamasına baxmayaraq, Bakı onun qəlbində xüsusi yer tutur. Doğma səhnədə yenidən çıxış etmək imkanı isə sənətkarın ən böyük yaradıcılıq arzularından biri olaraq qalır. Maestro Azərbaycan paytaxtına cəmi bir həftəlik səfərə gəlib və bu müddətdə onunla görüşmək imkanımız olub. Diqqətçəkən məqam ondan ibarətdir ki, bu söhbət onun uzun illər davam edən yaradıcılıq fəaliyyəti ərzində verdiyi ilk müsahibədir.

Masanın üzərində köhnə fotoşəkillər var. Oxucular həmin kadrları yazının sonunda təqdim olunan fotolentdə görə biləcəklər. Hər bir fotoşəkil sanki zəngin musiqi bioqrafiyasının ayrı-ayrı səhifələrini açır. Budur, opera sənətində ilk addımlarını atan gənc Vaqif Kərimov. Budur, məşhur səhnələr, görkəmli musiqiçilərlə görüşlər, xaricdəki fəaliyyət illəri. Bu fotoşəkillərin arxasında musiqi, axtarışlar, çətinliklərin dəf edilməsi və öz sənətinə sonsuz sədaqətlə dolu bütöv bir ömür dayanır.

Lakin bu gün bizim maestronun çıxış etdiyi səhnələrdən və taleyinin onu qarşılaşdırdığı məşhur simalardan daha çox, onun özündən danışmaq istəyimiz var idi. Xarakterindən, həyat seçimindən, Vətənə sevgisindən və ömrü boyu onu tərk etməyən arzusundan...

Və bəlkə də ən təəccüblüsü budur ki, maestronun səsi hələ də əvvəlki kimi gur səslənir! Onun ifasından video fraqmentləri də oxucular yazının sonunda izləyə biləcəklər.

Amma əvvəl ondan başlayaq ki,..

Arzunun taleyə çevrildiyi an: Bakılı oğlanı böyük opera sənətinə aparan yol

Vaqif Kərimov 1946-cı il fevralın 15-də Bakıda anadan olub. Hələ erkən yaşlarından müğənni olmağı arzulayıb. Peşə seçimində maestronun özünə müəllim hesab etdiyi dahi Rəşid Behbudov örnəyi mühüm rol oynayıb.

Peşəkar sənətə gedən yolu Asəf Zeynallı adına Bakı Musiqi Texnikumundan başlayıb. Maraqlıdır ki, gənc Vaqif əvvəlcə skripka ilə məşğul olub, lakin qısa müddət sonra əsl istedadının vokal sənətində olduğunu anlayıb. Bundan başqa, o, stolüstü tennisi də mahircəsinə oynayırdı və hətta gələcəkdə idmançı olacağı proqnozlaşdırılırdı. Lakin musiqi bütün digər maraqlarından üstün gəldi.

"Əvvəlcə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil oldum və orada üç il təhsil aldım. Bir dəfə Azərbaycan Dövlət Konservatoriyasının direktoru Cövdət Hacıyev Böyük zalda keçirilən konsertdə məni dinlədi. Çıxışdan sonra dedi ki, mənim artıq musiqi texnikumunda oxumağıma ehtiyac yoxdur, birbaşa konservatoriyaya daxil olmalıyam. İmtahanları verdim, bir neçə əsər ifa etdim. Artıq musiqi hazırlığım olduğunu, fortepianoda da ifa etdiyimi, ümumiyyətlə, musiqi təhsilinə skripka ilə başladığımı nəzərə alaraq, məni dərhal ikinci kursa qəbul etdilər".

Geniş salonları öz gur səsi ilə doldurmağa qadir olan güclü dramatik tenor səsə malik Vaqif Kərimov hələ konservatoriyanın ikinci kursunda oxuyarkən, 1969-cu ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti vəzifəsinə qəbul edilib. Onun səhnədə ilk çıxışı dünya opera repertuarının tenor üçün ən mürəkkəb partiyalarından biri - Rucero Leonkavallonun "Təlxəklər" operasında Kanio partiyası olub.

Gənc müğənni ən mürəkkəb opera partiyalarını ifa edərək peşəkar səhnədə qısa müddətdə özünü təsdiqləyib. Cəmi üç il sonra, 1972-ci ildə, 26 yaşında respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb. Hələ konservatoriyada təhsilini başa çatdırmamış gənc ifaçı üçün bu, həqiqətən də istedadının müstəsna səviyyədə qiymətləndirilməsi idi.

"Təsəvvür edirsiniz, mən hələ konservatoriyanı belə bitirməmişdim! Konservatoriyanı beş ilə deyil, dörd ilə bitirdim və fərqlənmə diplomu aldım", - deyə o bildirib.

Daha sonra Moskva Dövlət Konservatoriyasının aspiranturasını da uğurla başa vurub. Beləliklə, Vaqif Kərimovun opera sənətinin zirvələrinə doğru sürətli yüksəlişi başlayıb. Lakin qarşıda onu yaradıcılıq bioqrafiyasının daha bir mühüm mərhələsi - İtaliya gözləyirdi.

La Scala: bir yer uğrunda 142 namizəd!

1975-ci ildə Moskvada, Böyük Teatrın Bethoven zalında məşhur Milan "La Scala" teatrında təcrübə keçmək üçün namizədlərin ciddi seçim mərhələsi keçirilirdi. Rəqabət həqiqətən də inanılmaz idi: bir yer uğrunda 142 namizəd mübarizə aparırdı, sovet tərəfinə isə cəmi üç kvota ayrılmışdı.

Münsiflər heyətinin tərkibində əfsanəvi opera müğənnisi İrina Arxipova da yer alırdı. Vaqif Kərimovu dinlədikdən sonra o, birmənalı qərarını açıqlamışdı: "Bu gənci mütləq İtaliyaya göndərmək lazımdır".

"Mənimlə yanaşı, Estoniyadan Mati Palm və Moskvadan Valentina Şerbiniya da seçilmişdi. İrina Arxipova İtaliyada çox şey öyrənə biləcəyimi xüsusi vurğuladı. Sevincimin həddi-hüdudu yox idi!"

Bundan əvvəl, sovet dövründə azərbaycanlı ifaçılar arasında "La Scala"da təcrübə keçmək imkanı yalnız milli musiqi məktəbimizin üç görkəmli nümayəndəsinə - Bülbülə, Şövkət Məmmədovaya və Müslüm Maqomayevə nəsib olmuşdu. İndi isə bu siyahıya Vaqif Kərimovun adı da əlavə edilirdi.

"1975-ci il noyabrın 16-da Milana yola düşdüm. Bura tamamilə başqa bir dünya idi... Görkəmli italyan vokal pedaqoqu Etyore Kampolyaninin tələbəsi olmaq mənə nəsib oldu. O zaman onun artıq təxminən 80 yaşı vardı. Hər dərsini böyük səbirsizliklə gözləyirdim. Möhtəşəm pedaqoq idi!

İtaliyada keçirdiyim iki il ərzində orijinal dilində 48 opera partiyası öyrəndim, Venesiya, Neapol, Piatsensa şəhərlərində konsertlər verdim və Qetano Donitsettinin "Sevgi şərbəti" operasında məhz "La Scala"nın səhnəsində çıxış etdim.

Mənimlə bilavasitə Ettore Kampolyaninin (Ettore Campogalliani-it.) özü məşğul olurdu. Bir dəfə mənə dedi: "Sənə elə bir səs texnikası formalaşdıracağam ki, 90 yaşında da gənc kimi oxuyacaqsan. Səni pərdə arxasında gizlətsələr, heç kim 85-90 yaşında olduğunu deməyəcək". Bu gün həmin sözləri xatırlayanda onların nə qədər uzaqgörən olduğunu anlayıram. Oxumağa başlayıram və səsimin necə gözəl səsləndiyini hiss edirəm. Gücüm də var, istəyim də, mürəkkəb opera partiyalarını ifa etmək imkanım da".

İtaliya vokal məktəbi Vaqif Kərimova yalnız ifaçılıq ustalığı deyil, həm də vokal texnikasına, səs mədəniyyətinə və peşəkar intizama xüsusi yanaşma qazandırdı. Məhz həmin dövrdə o, opera sənətində uzunömürlülüyün əsas sirlərindən birinə yiyələndi. Müğənninin təbii istedadı daim inkişaf etdirilməli, səsi isə bütün ömür boyu qorunmalı və təkmilləşdirilməlidir.

"İtaliya məktəbi mənə, ilk növbədə, səslə işin nə qədər ciddi və zəhmət tələb edən proses olduğunu anlamağı öyrətdi. Opera sənəti yalnız təbii istedad deyil, həm də böyük texniki hazırlıq tələb edir. Səsi idarə etməyi, nəfəsi düzgün bölüşdürməyi, hər bir notu dəqiqliklə ifa etməyi bacarmaq lazımdır".

Moskvaya qayıtdıqdan sonra İrina Arxipova müğənninin texniki baxımdan nə qədər böyük inkişaf yolu keçdiyini xüsusi qeyd edib. Onun peşəkarlıq səviyyəsi o qədər yüksək təəssürat yaradıb ki, Vaqif Kərimova Moskvada qalaraq Böyük Teatrda karyerasını davam etdirmək təklif olunub. Lakin o, başqa qərar verib - doğma Bakıya qayıtmağı seçib.

Bakıda "ağ qarğa", Türkiyəyə köçməsi və İhsan Doğramacı ilə dostluğu barədə

İtaliyadan Bakıya qayıtdıqdan sonra ilk vaxtlar hər şey Vaqif Kərimov üçün kifayət qədər uğurlu gedirdi. O, Jorj Bizenin "Karmen", Cüzeppe Verdinin "Aida", Cakomo Puççininin "Turandot" və dünya opera repertuarının digər məşhur əsərlərində baş rolları ifa edirdi. Eyni zamanda, Azərbaycan Dövlət Konservatoriyasında dərs deyirdi.

Lakin zaman keçdikcə yaradıcılıqla bağlı fikir ayrılıqları yaranmağa başladı. İtaliya vokal məktəbinə və operaları orijinal dildə ifa etməyə alışmış müğənninin teatrda mövcud ənənələrə uyğunlaşması asan deyildi. Tədricən ona baş rollar əvəzinə kiçik partiyalar təklif olunmağa başladı.

"Mən opera partiyalarını orijinal dildə - italyan və ya fransız dillərində ifa edirdim. O vaxt isə teatrda bir çox operaları rus dilində ifa etmək ənənəsi vardı. Tədricən müəyyən anlaşılmazlıqlar yaranmağa başladı. Özümü sanki "ağ qarğa" kimi hiss edirdim. İtaliyada mənə öyrədilənlərdən, düzgün hesab etdiyim peşəkar prinsiplərdən imtina etmək mənim üçün çətin idi. Zaman keçdikcə mənə kiçik partiyalar təklif etməyə başladılar. Halbuki artıq solist idim və tamhüquqlu yaradıcılıq fəaliyyətimi davam etdirmək istəyirdim.

O zaman SSRİ Mədəniyyət Nazirliyinə müraciət etdim. Aleksey Vasilyeviç Serov adlı yaxşı tanışım vardı, özü də vaxtilə Böyük Teatrın solisti olmuşdu. Ondan xaricdə iş tapmaqda mənə kömək etməsini xahiş etdim. Nəticədə mənə Türkiyədə işləmək təklif olundu. Bu, 1986-cı ildə baş verdi".

Türkiyə Vaqif Kərimovun peşəkar bioqrafiyasında yeni və mühüm mərhələyə çevrildi. Məhz burada onun pedaqoji istedadı tam şəkildə üzə çıxdı. Müəllimlik fəaliyyəti illərində o, gənc vokalçıların bir neçə nəslini yetişdirdi. Onların bir çoxu sonradan Paris Operasından tutmuş, Venesiyanın məşhur "La Fenice" teatrına qədər dünyanın tanınmış opera teatrlarının solistlərinə çevrildi.

Bu illər ərzində həyat yoldaşı, gözəl pianoçu olan Afa xanım da daim onun yanında idi. O, konsertmeyster kimi çalışır, gənc ifaçıların hazırlanmasına kömək edirdi. Onları yalnız ailə həyatı deyil, həm də musiqiyə olan sevgi birləşdirirdi.

Türkiyə dövründə görkəmli ictimai xadim, alim və xeyriyyəçi, Hacettepe və Bilkent universitetlərinin qurucusu, Türkiyənin təhsil ictimaiyyətinin ən nüfuzlu nümayəndələrindən biri olan İhsan Doğramacı ilə dostluğu xüsusi yer tuturdu. O, azərbaycanlı müğənniyə və ailəsinə böyük səmimiyyətlə, demək olar ki, ata qayğısı ilə yanaşırdı.

"Məni Hacettepe Universitetinin nəzdindəki Ankara Dövlət Konservatoriyasının vokal şöbəsinə müdir vəzifəsinə dəvət etdilər. Gənc ifaçılarla işləyir, vokalçıları hazırlayır, pedaqoji fəaliyyətlə məşğul olurdum. Böyük tələbə qrupum vardı. Həyat yoldaşım Afa da gözəl pianoçu idi və mənimlə birlikdə çalışırdı. Biz həm həyatda, həm də musiqidə həmişə bir yerdə olmuşuq.

İşlədiyimiz illər ərzində tələbələrin dörd nəslini yetişdirdik. Onlardan bəziləri Paris Operası və Venesiyanın "La Fenice" teatrı da daxil olmaqla, Avropanın tanınmış teatrlarının solistlərinə çevrildilər. Pedaqoq üçün şagirdlərinin sənətdə öz yollarını tapdığını görməkdən böyük sevinc yoxdur.

Öz ifaçılıq fəaliyyətimi də davam etdirir, Ankara, İstanbul və Türkiyənin digər şəhərlərində opera tamaşalarında iştirak edirdim. Onların arasında Çaykovskinin "Qaratoxmaq qadın" və Jorj Bizenin "Karmen" operaları da vardı".

Vaqif Kərimovun həm ifaçı, həm də pedaqoq kimi uğurlu fəaliyyəti beynəlxalq səviyyədə tanınmağa başladı. 1992-ci ildə ona Torontodan dəvət gəldi. Söhbət italyan vokal məktəbinə əsaslanan, gənc opera ifaçılarının peşəkar səviyyəsinin yüksəldilməsi üzrə fəaliyyət göstərən "Columbus Centre" mərkəzindən gedirdi.

Bu təklif onun qarşısında yeni perspektivlər açsa da, növbəti çətin qərarı verməsini tələb edirdi: Kərimovlar ailəsi üçün ikinci vətənə çevrilmiş Türkiyəni tərk etmək və başqa qitədə həyata yenidən başlamaq.

"Bu, italyan vokal məktəbi ilə əlaqəli, gənc opera ifaçılarının ustalığının təkmilləşdirilməsi mərkəzi idi. Orada gənc müğənnilərin hazırlanması ilə məşğul olurdular. Təklif çox nüfuzlu idi. İhsan Doğramacı ilə məsləhətləşdim. Aramızda çox səmimi, həqiqətən də ailəvi münasibətlər yaranmışdı.

Əvvəlcə məni buraxmaq istəmirdi, fikrimdən daşındırmağa çalışırdı. Sənətimi çox sevirdi, pedaqoji fəaliyyətimə böyük hörmətlə yanaşırdı. Lakin sonradan qərarımı dəstəklədi və Ankara Konservatoriyasının qapılarının mənim üçün hər zaman açıq olacağını söylədi. İhsan Doğramacının vəfatı ailəmizdə böyük kədər doğurdu..."

Kanada: yeni səhnə, yeni tələbələr və klassik musiqiyə xidmət

Vaqif Kərimovun həyatında Torontoda başlayan yeni mərhələ artıq otuz ildən çoxdur davam edir. Kanadada maestro pedaqoji fəaliyyəti ilə fəal konsert fəaliyyətini uğurla birləşdirə bilib. O, "Bel Canto" kollektivini yaradıb və bu kollektivlə Toronto, Ottava, Monreal, Kvebek və ölkənin digər şəhərlərində çıxış edib, həmçinin Latın Amerikası ölkələrində və Kubada qastrol səfərlərində olub. Kanadadakı Azərbaycan diasporunun mədəni həyatından da kənarda qalmır, onun layihələrində fəal iştirak edir.

"Mən heç vaxt yalnız pedaqoji fəaliyyətlə kifayətlənməmişəm. Məsələn, Torontodakı "Roy Thomson Hall" konsert salonunda solo konsert vermək mənə nəsib olub. Bu, bir neçə min tamaşaçı tutumuna malik nəhəng bir salondur. Konsert böyük uğurla keçdi.

Öz "Bel Canto" kollektivimi yaradaraq tələbələrimlə birlikdə Kanadanın müxtəlif şəhərlərində çıxış edir, konsertlərdə iştirak edir və pedaqoji fəaliyyətimi davam etdirirdim. İndiyə qədər də dərs deyir və səhnəyə çıxıram. Əgər dərs deməsəm, ölərəm! (gülür). Mənim üçün iş həyat deməkdir. Özümü musiqisiz və tələbələrsiz təsəvvür etmirəm".

Onilliklər ərzində Vaqif Kərimov təkcə bir neçə nəsil vokalçı yetişdirməyib, həm də Azərbaycan musiqi mədəniyyətinin əsl elçisinə çevrilib. Onun üçün xaricdə Azərbaycanı təmsil etmək sadəcə peşəkar missiya deyil, həm də böyük məsuliyyət və şərəf məsələsidir.

"Vətəndən kənarda olduğun zaman onun nümayəndəsi olduğunu anlayırsan və gördüyün hər bir iş bu və ya digər şəkildə ölkənin adı ilə bağlı olur. Azərbaycan bayrağını yüksəklərdə tutmaq hər zaman şərəflidir! Xarici auditoriyanı Azərbaycan musiqisi ilə tanış etmək də mənim ən mühüm vəzifələrimdən biridir.

Hər konsertimin birinci hissəsi opera ariyalarına və neapolitan mahnılarına, ikinci hissəsi isə tamamilə Azərbaycan musiqisinə və klassik janrda muğama həsr olunur. Xarici tamaşaçılar musiqi irsimizi xüsusi maraqla qarşılayırlar. Muğam ifası isə çox vaxt konsertin ən təsirli anlarından birinə çevrilir. Bu, tamamilə fərqli, dərin, mənəvi zənginliyə malik və xüsusi qavrayış tələb edən musiqidir!

Cövdət Hacıyevin oğlu, dirijor İsmayıl Hacıyevlə birlikdə mütəmadi olaraq konsertlər təşkil edirdik. Həmin konsertlər arasında Niaqara şəlaləsi yaxınlığında keçirilən çıxışlarımız da olub. Proqramlarımızda Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnıları və klassik musiqi səslənirdi. Hazırda birlikdə Fikrət Əmirovun, Niyazinin və Rauf Hacıyevin simfonik musiqilərindən ibarət böyük proqram hazırlayırıq. Azərbaycanın zəngin musiqi irsi var. Onu dünyaya tanıtmaq lazımdır. Əminəm ki, musiqimizin beynəlxalq auditoriyası çox genişdir".

Vaqif Kərimov ifaçılıq və pedaqoji fəaliyyəti ilə yanaşı, metodiki işlə də məşğul olur, vokal sənətinə dair kitab və dərs vəsaitlərinin müəllifidir. Onun üçün bu, onilliklər ərzində topladığı təcrübəni gənc nəslə ötürmək, peşəkar ənənələri qorumaq və italyan vokal məktəbinin görkəmli ustadlarından aldığı bilikləri bölüşmək üçün daha bir imkandır.

Vaqif Kərimovun yaradıcılıq bioqrafiyası təkcə Bakıdan başlayaraq xaricdəki aparıcı musiqi səhnələrinə və təhsil mərkəzlərinə qədər uzanan uğurlu opera müğənnisinin həyat hekayəsi deyil. Bu, bütün ömrü boyu öz sənətinə sadiq qalan, öyrənməkdən, çıxış etməkdən, dərs deməkdən və gənc istedadlara böyük sənətə gedən yolu açmaqdan yorulmayan bir insanın hekayəsidir.

Bu gün, 80 yaşında da maestro yaradıcılıq yolunun başa çatdığını düşünmür. O, dərs deməyə, tələbələri ilə işləməyə, səhnəyə çıxmağa və yeni musiqi layihələri üzərində düşünməyə davam edir.

Lakin onun daha bir xüsusi, həqiqətən də qəlbinin dərinliyində yaşatdığı arzusu var - doğma Bakıda yenidən səhnəyə çıxmaq, bakılı tamaşaçılarla görüşmək, sevimli əsərlərini ifa etmək və uzun illər ərzində topladığı təcrübəni, yaradıcılıq bəhrələrini, musiqiyə xidmət yolunda qazandığı bilikləri bölüşmək.

Axı Vaqif Kərimovun həyat yolu göstərir ki, əsl sənətkarın Vətənin bir parçası olaraq qalması üçün daim doğma torpaqda yaşaması vacib deyil. Bəzən bütün ömrün boyu onun musiqisini qəlbində daşımaq və bütün dünyaya tanıtmaq kifayətdir.

Zamanın hökm edə bilmədiyi səs - Vaqif Kərimovun ən böyük arzusu

Beynəlxalq səviyyədə tanınmasına və zəngin yaradıcılıq bioqrafiyasına baxmayaraq, Vaqif Kərimov hələ də ictimaiyyətin diqqət mərkəzində olmağa can atmayan bir insandır. O etiraf edir ki, heç vaxt özünə diqqət cəlb etməyi sevməyib, musiqi, fəaliyyəti və tələbələri haqqında danışmağa üstünlük verib. Bəlkə də məhz buna görə onun zəngin beynəlxalq yaradıcılıq yolu uzun müddət geniş ictimaiyyətə lazımi səviyyədə məlum olmayıb.

"Axı mən İtaliyada əbəs yerə təhsil almamışam, belə böyük məktəb keçməmişəm, müxtəlif ölkələrdə əbəs yerə çıxış etməmişəm. İstərdim ki, yaşın sənət üçün hər zaman maneə olmadığını göstərim. 80 yaşımda qarşıma qoyulan istənilən operanı böyük məmnuniyyətlə ifa edərdim. Hətta Rixard Vaqnerin "Valkiriya" operasındakı ən mürəkkəb partiyalardan birini də ifa edərdim. Çoxları hesab edir ki, tenor 50 yaşından sonra əvvəlki kimi oxuya bilmir. Mən isə bunun əksini sübut etmək istəyirəm", - maestro deyir.

Onun gənc nəslə də xüsusi müraciəti var. O, gəncləri klassik musiqi konsertlərinə daha çox getməyə, opera sənətini kəşf etməyə və bu heyrətamiz sənətlə tanış olmaqdan çəkinməməyə çağırır.

"Bakıya ildə bir dəfə gəlirəm, sonra isə Kanadaya qayıdıram. Lakin uçuşun bütün çətinliklərinə baxmayaraq, Vətənə qayıtmaqdan həmişə məmnunam. Musiqi mənim üçün hər şeydir: həyat, hisslər, bir sözlə, hər şey. Musiqi eşidən kimi dərhal oxumaq istəyirəm. Bunu sözlərlə izah etmək mümkün deyil.

Klassik musiqi möhtəşəm sənətdir. O, insan ruhunu zənginləşdirir, tərbiyə edir, düşündürür və hiss etməyə vadar edir. Opera sadəcə oxumaq deyil. Bu, insan yaşantılarının, xarakterlərinin və talelərinin əks olunduğu bütöv bir dünyadır. Hər bir insan heç olmasa bir dəfə bu sənətə toxunmalıdır".

Söhbətimiz sona yaxınlaşanda Vaqif Kərimov yenidən musiqidən danışmağa başladı. Onun səsində 80 yaşlı insana xas yorğunluq hiss olunmurdu. Əksinə, səhnəni hələ də həyatının əsas mənalarından biri hesab edən sənətkarın enerjisi və həvəsi duyulurdu. Maestro özü də etiraf edir ki, daxilən özünü 35-40 yaşlarında hiss edir. Gələcək çıxışları haqqında hansı həvəslə danışdığını nəzərə alsaq, yaradıcılıq enerjisinin onu həqiqətən də tərk etmədiyini söyləmək olar.

O, keçmiş şöhrətindən danışmır, nailiyyətlərini sadalamır, kiməsə təsir bağışlamağa çalışmırdı. Sadəcə musiqi, tələbələri, Vətəni və hələ həyata keçirmək istədiyi arzuları haqqında danışırdı.

Bəlkə də əsl ustadları fərqləndirən cəhət məhz budur: biliklərini ötürmək imkanları, səsləri eşidilməkdə davam etdiyi və ürəkləri musiqiyə kökləndiyi müddətdə onlar öz yollarını başa çatmış hesab etmirlər.

Vaqif Kərimov Bakıya cəmi bir həftəliyə gəlmişdi. Lakin bu qısa görüş zamanı qarşımızda bütöv bir dövrün mənzərəsi açıldı. Onilliklər ərzində Vətəndən uzaqda yaşayan və çalışan, beynəlxalq səhnələrdə çıxış edən, gənc ifaçılar yetişdirən, lakin heç vaxt Azərbaycan musiqi mədəniyyətinin bir parçası olmaqdan vaz keçməyən insanın həyat hekayəsi...

Vaqif Kərimovun həyat yolu yalnız İtaliyanın peşəkar musiqi məktəbini keçmiş, əfsanəvi "La Scala" teatrında təcrübə almış və dünyanın müxtəlif ölkələrində tanınmış istedadlı bakılı oğlanın uğur hekayəsi deyil. Bu, peşəyə sədaqətin, pedaqoji xidmətin, öz prinsiplərinə bağlılığın və Vətənə sevginin tarixidir.

Bu gün də maestronun artıq əldə etdiyi bir çox zirvələrdən bəlkə də daha dəyərli olan bir arzusu var: doğma Bakının səhnəsinə yenidən çıxmaq, öz tamaşaçıları ilə görüşmək və onlara səsini bəxş etmək.

Axı bu hekayədə ən başlıcası Vaqif Kərimovun səsinin hələ də eşidilməsidir. Deməli, onun musiqi hekayəsi davam edir...

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)