2026-cı il noyabrın 10-da Antalyada COP31 çərçivəsində Azərbaycan, Bolqarıstan, Gürcüstan və Türkiyə hökumətləri arasında Təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş Azərbaycanın bərpa olunan enerji mənbələrindən istehsal etdiyi elektrik enerjisini Gürcüstan və Türkiyə üzərindən Avropa bazarına çıxarması üçün əlavə imkan yaradacaq.
Bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) Mətbuat xidmətinin rəhbəri Kamal Hacıyev Trend-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu sənəd 2025-ci ilin aprelində Bakıda imzalanmış Anlaşma Memorandumu ilə başlanan əməkdaşlığı hökumətlərarası müqavilə səviyyəsinə yüksəldir.
"Bu saziş Azərbaycanda bərpa olunan mənbələrdən istehsal edilən elektrik enerjisinin Gürcüstan və Türkiyə ərazisindən keçməklə Türkiyə və Avropa İttifaqı bazarlarına ötürülməsi üçün daha bir marşrut açır. Bu, Xəzər-Qara dəniz-Avropa dəhlizi ilə yanaşı, ölkəmizin "yaşıl enerji" ixracı üçün əlavə imkan deməkdir. Yeni marşrut ixrac istiqamətlərinin şaxələndirilməsinə və Avropa ilə enerji ticarətinin genişləndirilməsinə şərait yaradacaq", - deyə K.Hacıyev bildirib.
Agentlik rəsmisi dörd ölkənin elektrik enerjisi sistemlərinin inteqrasiyası istiqamətində görüləcək işlərə də toxunub.
O bildirib ki, saziş təmiz enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi və təchizatı sahəsində əməkdaşlığı, təhlükəsiz və fasiləsiz ötürmə üçün zəruri şərtlərin müəyyənləşdirilməsini nəzərdə tutur.
"Bununla yanaşı, tərəflər mövcud transsərhəd ötürücü infrastrukturun genişləndirilməsi və yeni ötürmə xətlərinin inkişafı istiqamətində birgə iş aparırlar. Sənəd "Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan" yaşıl enerji dəhlizinin inkişafına, regional enerji bağlantılarının gücləndirilməsinə və ötürmə marşrutlarının şaxələndirilməsinə xidmət edir", - deyə o vurğulayıb.
K.Hacıyev yeni enerji dəhlizinin Azərbaycanın mövcud bərpa olunan enerji layihələri ilə əlaqələndirilməsinin də mühüm perspektivlər vəd etdiyini bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda beynəlxalq tərəfdaşlarla günəş və külək elektrik stansiyalarının tikintisi üzrə genişmiqyaslı layihələr həyata keçirilir. Yeni dəhliz həmin layihələrdən istehsal olunacaq elektrik enerjisinin Türkiyə və Avropa bazarlarına çıxarılmasına imkan verəcək.
"Bu, bərpa olunan enerji sahəsinə yeni investisiyaların cəlb edilməsinə, eləcə də yeni günəş və külək elektrik stansiyalarının tikintisinə şərait yaradacaq. Bununla Azərbaycan regionun aparıcı yaşıl enerji mərkəzinə və Xəzər regionu ilə Avropa arasında "yaşıl enerji körpüsü"nə çevrilir. Ölkəmiz ənənəvi enerji ixracatçısı rolunu genişləndirərək "yaşıl elektrik enerjisi"nin də mühüm təchizatçılarından birinə çevrilmək imkanı qazanır", - deyə K.Hacıyev əlavə edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)