Türkiyənin Bursa şəhərində azərbaycanlı şəxsin 20 yaşlı rusiyalı həyat yoldaşını xüsusi amansızlıqla öldürməsi ilə bağlı məhkəmə prosesi davam edir. İki azyaşlı qızın anası olan qadının meyitində 146 qayçı yarası aşkarlanıb. Onlardan 72-nin ayrı-ayrılıqda ölümcül olduğu müəyyən edilib.
Milli.Az türkiyə mediasına istinadla xəbər verir ki, hadisə 2025-ci il noyabrın 3-də Bursa şəhərinin Yıldırım rayonunda baş verib.
Məlumata görə, Azərbaycan vətəndaşı, 28 yaşlı Salican Mehmet dini nikahda yaşadığı 20 yaşlı Arzu Xəlilova ilə mübahisə edib. Mübahisə zamanı o, qadına qayçı ilə hücum edib. Hadisə vaxtı evdə cütlüyün azyaşlı övladlarından biri də olub.
Səs-küyü eşidən şəxsin anası yuxarı mərtəbəyə qalxaraq Arzunu yerdə hərəkətsiz vəziyyətdə görüb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları çağırılıb. Xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.
Təqsirləndirilən şəxs ifadəsində hadisə zamanı özünü idarə edə bilmədiyini, həyat yoldaşına neçə dəfə qayçı ilə zərbə endirdiyini xatırlamadığını bildirib. O, əvvəllər psixoloji problemlərlə bağlı müalicə aldığını da iddia edib.
Məhkəmə-tibbi ekspertizasının rəyində isə onun əqli qabiliyyətlərinin yerində olduğu bildirilib.
Bursa 19-cu Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda Salican Mehmet peşman olduğunu söyləyərək azadlığa buraxılmasını istəyib. Lakin dövlət ittihamçısı onun qadını xüsusi amansızlıqla qəsdən öldürməkdə təqsirli bilinərək ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilməsini tələb edib.
Təqsirləndirilən şəxsin vəkili ekspertiza rəyinə etiraz edərək əlavə vaxt istəyib. Məhkəmə bu vəsatəti qəbul edib və iclası təxirə salıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)