İspaniya millisinin sabiq üzvü Xuan Mata peşəkar futbolçu kimi çıxışını dayandırmaq qərarına gəlib. 38 yaşlı yarımmüdafiəçi karyerasını rəsmən başa vurduğunu açıqlayıb.
Milli.Az xəbər verir ki, o, bu barədə şəxsi "Instagram" hesabında paylaşım edərək futbola vida edib. Mata paylaşımında idmana olan sevgisini ifadə edən bu sözləri yazıb: "Bəzən sevmək... ayrılmağı bacarmaqdır. Təşəkkürlər, futbol!"
Təcrübəli futbolçu son iki mövsümünü Avstraliyada keçirib. O, əvvəlcə "Vestern Sidney Uonderers", daha sonra isə "Melburn Viktori"nin formasını geyinib.
Xuan Mata İspaniya millisinin heyətində 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionu olub. Klub səviyyəsində isə "Real Madrid Kastilya", "Valensiya", "Çelsi", "Mançester Yunayted", "Qalatasaray" və "Vissel Kobe" komandalarında çıxış edib.
Karyerası ərzində bir sıra nüfuzlu titullara sahib olan Mata "Valensiya" ilə İspaniya Kubokunu, "Çelsi" ilə UEFA Çempionlar Liqasını, İngiltərə Kubokunu və Avropa Liqasını qazanıb. "Mançester Yunayted"də oynadığı dövrdə İngiltərə Kuboku, Superkuboku, Liqa Kuboku və Avropa Liqasının qalibi olub.
İspaniyalı futbolçu "Qalatasaray"la 2022/2023-cü illər mövsümündə Türkiyə, "Vissel Kobe" ilə isə 2023-cü ildə Yaponiya çempionluğunu yaşayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)