Amerikalı müğənni Maykl Ceksonun 100-dən çox şəxsi əşyası hərraca çıxarılıb. Satışa təqdim olunan əşyalar arasında sənətçinin 1986-cı ildə qazandığı "American Music Awards" mükafatının heykəlciyi də var.
Milli.Az TASS-a istinadən xəbər verir ki, hərrac "Julien's Auctions" tərəfindən təşkil olunur.
Hərrac evinin saytında yer alan məlumata görə, ən yüksək qiymətləndirilən lot müğənninin 1983-cü ildə çəkilən "Thriller" klipində geyindiyi qırmızı dəri gödəkçədir. Hazırda bu əşya üçün verilən ən yüksək təklif 8,5 milyon dollara çatıb.
"American Music Awards" mükafatının heykəlciyinə isə 30-dan çox təklif verilib. Son təklifin məbləği 7 min dollar təşkil edir.
Ümumilikdə, hərracda 110 lot satışa çıxarılıb. Onların böyük hissəsini Maykl Ceksonun səhnə geyimləri, kliplərində istifadə etdiyi paltarlar və müxtəlif aksesuarlar təşkil edir.
Hərrac dekabrın 7-dən 9-dək Əbu-Dabidə keçiriləcək "Julien's Celebrity & Pop Culture Experience" tədbiri çərçivəsində baş tutacaq.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)