ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) daxili kompüter şəbəkəsinin fəaliyyətində texniki nasazlıq yarandığını təsdiqləyib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə agentliyin yaydığı rəsmi açıqlamada bildirilib.
"Milli Təhlükəsizlik Agentliyi planlı texniki xidmət zamanı qapalı daxili kompüter şəbəkəsinin fəaliyyətində müvəqqəti problemlərlə üzləşib", - açıqlamada qeyd olunub.
Agentliyin məlumatına görə, nasazlıq bəzi daxili sistemlərə təsir göstərsə də, qurumun əsas funksiyalarının icrası üçün kritik əhəmiyyət daşıyan vasitələr tam işlək vəziyyətdədir.
NSA milli təhlükəsizliyin təmin edilməsi imkanlarının qorunduğunu vurğulayıb.
Bildirilib ki, agentliyin infrastrukturu planlı texniki xidmət və gözlənilməz hadisələr zamanı əməliyyatların davam etdirilməsi üçün çoxsaylı ehtiyat sistemlərlə təchiz olunub.
Qeyd edək ki, daha əvvəl CNN telekanalı mənbələrinə istinadən NSA-nın məxfi məlumat mübadiləsi üçün istifadə etdiyi "NSA Net" şəbəkəsində nasazlıq yarandığını xəbər vermişdi.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)