Polşa mediası Azərbaycanın Orta Dəhlizin inkişafındakı xüsusi roluna getdikcə daha çox diqqət yetirir. Təkcə son günlərdə dərc olunan üç materialda Azərbaycan layihədə iştirak edən bütün ölkələrin əsas iqtisadi və siyasi tərəfdaşı kimi təqdim olunub.
Milli.Az xəbər verir ki, noyabrın 16-da Polşa İqtisadi İnkişaf və Texnologiyalar Nazirliyinin (Ministerstwo Rozwoju i Technologii) idarə etdiyi Polşa hökumətinin İxracın Təşviqi üzrə rəsmi portalında (Portal Promocji Eksportu) "Qazaxıstan və Azərbaycan Mərkəzi Dəhlizi inkişaf etdirir" adlı məqalə dərc olunub.
Məqalədə bildirilir ki, 2026-cı il noyabrın 2-də Qazaxıstan və Azərbaycan Xəzər dənizində yeni bərə sisteminin işə salınması və Bakı limanının Ələt sahəsində intermodal terminalın tikintisi vasitəsilə Mərkəzi Dəhliz boyunca nəqliyyat imkanlarının genişləndirilməsi ilə bağlı sazişlər imzalayıblar.
Məqalədə qeyd olunur ki, Qazaxıstanın "Samruk-Kazına" və Azərbaycanın "AZCON" şirkətləri tərəfindən dəstəklənən "Xəzər körpüsü" (Superferry) layihəsi Kurık (Qazaxıstan) və Ələt (Azərbaycan) limanları arasında dəmir yolu vaqonlarının əlavə yükləmə əməliyyatları aparılmadan birbaşa daşınmasını nəzərdə tutur. İlkin mərhələdə onun illik yükdaşıma qabiliyyəti 8 milyon ton təşkil edəcək.
Bundan əlavə, Qazaxıstanın KTZ və Azərbaycanın ADY milli dəmir yolu operatorları konteyner daşımalarının optimallaşdırılması, dəmir yolu və dəniz nəqliyyatının inteqrasiyası məqsədilə Ələtdə birgə intermodal terminalın yaradılması barədə razılığa gəliblər.
Bu investisiyalar ənənəvi marşrutlardan yan keçməklə və Polşa şirkətlərinə təchizat zəncirlərini şaxələndirmək imkanı yaratmaqla Çin və Avropa arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun rəqabət qabiliyyətini artırmağa yönəlib.
Polşa mətbuatı Azərbaycanın regionda xüsusi mövqeyinə, sülhün möhkəmləndirilməsi və çoxşaxəli nəqliyyat infrastrukturunun inkişafı naminə ölkələrlə münasibətdə xoşməramlılıq nümayiş etdirməyə hazır olmasına diqqət çəkir.
Bu il noyabrın 13-də Polşanın "Kurier Kolejowy" internet nəşrində "Qazaxıstan və Ermənistan TRIPP-in Orta Dəhlizlə birləşdirilməsi imkanlarını müzakirə edir" adlı məqalə, noyabrın 14-də isə "105 000 ton yük Azərbaycandan Ermənistana. TRIPP-in dəmir yolu hissəsinin layihələndirilməsi davam edir" sərlövhəli material dərc olunub.
Hər iki məqalədə Cənubi Qafqazda nəqliyyat dinamikasının dəyişməsi, xüsusilə TRIPP layihəsi və regional tranzit marşrutlarının bərpası məsələləri nəzərdən keçirilir.
Bu materiallar birlikdə ikili reallığı ortaya qoyur: mövcud infrastrukturdan istifadə etməklə tranzit daşımaları artıq bərpa olunur, yeni strateji dəhlizlər isə hələ də ilkin diplomatik müzakirələr və layihələndirmə mərhələsindədir.
Hər iki halda Azərbaycanın əsas əhəmiyyəti xüsusi vurğulanır.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)