ABŞ Prezidenti Donald Tramp İranın pilotsuz uçuş aparatları (PUA) ilə ona qarşı mümkün hücumu barədə suala zarafatla cavab verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ağ Ev qarşısında keçirilən brifinqdə jurnalistlərdən biri Trampdan mümkün hücumla bağlı narahat olub-olmadığını soruşub.
"Mən sizə görə narahatam. Çünki onlar məni vursalar, sizin də axırınız çatacaq", - deyə ABŞ lideri zarafatla bildirib.
Qeyd edək ki, "Israel Hayom" qəzetinin məlumatına görə, İsrailin "Mossad" kəşfiyyat xidməti İranın Trampa və digər amerikalı rəsmilərə qarşı sui-qəsd hazırladığı barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsini (CIA) xəbərdar edib. İddia olunur ki, Tehran bu məqsədlə partlayıcı maddələrlə təchiz edilmiş PUA-lardan istifadə edə bilər.
Məlumata əsasən, ABŞ-nin maliyyə naziri Skott Bessent, dövlət katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Heqset mühafizə olunan obyektlərə yerləşdirilib. Trampın ictimai çıxışlarına da məhdudiyyətlər tətbiq edildiyi bildirilir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)