Dövlət məktəbləri və bağçalarında bu dəyişiklik təklif edildi

16 Noyabr 2026 16:50

Azərbaycanda dövlət məktəblərində və bağçalarında alternativ enerjidən istifadə məcburi olmalıdır.

Milli.Az Report-a istinadla xəbər verir ki, bunu deputat Sadiq Qurbanov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Dövlət büdcəsi vəsaitlərindən səmərəli istifadə və nəzərdə tutulan tədbirlərin nəticələrinin yüksəldilməsi məqsədilə təklif edirəm ki, dövlət büdcəsi ilə tikilən məktəb, bağça və sair tikililərdə enerji səmərəliliyi və bərpa olunan enerjinin istifadəsi mühüm və əsas şərt kimi ortaya qoyulsun. Bundan başqa, ətraf mühitin mühafizəsinə ayrılan vəsaitin, xüsusilə çirkab sularının yığılması və təmizlənməsinə nəzərdə tutulan məbləğin istifadəsində tənzimlənən suyun həcminin, xidmət əhatəsinin və ekoloji nəticələrin əsas qiymətləndirmə meyarı kimi götürülməsini xahiş edərdim. Həmçinin ​Qarabağ və Şərqi Zəngəzurda bərpa olunan quruculuq layihələri üzrə ayrılan vəsaitin icrasına ekoloji səmərəlilik göstəricilərinin daxil edilməsini, xüsusilə su və enerji sərfiyyatının, tullantıların idarə olunmasının nəticələrinin qiymətləndirilməsini təklif edərdim", - deyə o qeyd edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)