“Bossların bossu” öldü

16 Noyabr 2026 15:38

Meksikanın Qvadalaxara narkokartelinin qurucularından biri, "Bossların bossu" ləqəbi ilə tanınan Migel Anxel Feliks Qalyardo 80 yaşında vəfat edib.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, o, noyabrın 15-də Xalisko ştatının Qvadalaxara şəhərində yerləşən "Country 2000" xəstəxanasında dünyasını dəyişib.

Feliks Qalyardo noyabrın 13-də Puente-Qrande həbsxanasından təcili tibbi yardım məqsədilə xəstəxanaya aparılıb. Müayinələr zamanı onda ağır ağciyər infeksiyası aşkarlanıb və o, süni tənəffüs aparatına qoşulub.

Növbəti gün tənəffüs sistemində yaranan ağırlaşmalar səbəbindən vəziyyəti daha da pisləşib. Həkimlər ona hemodializ proseduru tətbiq ediblər. Ölümün səbəbi çoxorqanlı çatışmazlıq olub.

Qeyd edək ki, son illərdə Feliks Qalyardonun səhhəti getdikcə pisləşirdi. 2022-ci ilin sentyabrında 33 il həbsdə qaldıqdan sonra onun ev dustaqlığına buraxılmasına icazə verilsə də, Meksika Baş Prokurorluğu məhkəmənin bu qərarından şikayət verib.

1980-ci illərdə Feliks Qalyardo Rafael Karo Kintero və Ernesto Fonseka Karrilyo ilə birlikdə Qvadalaxara narkokartelinə rəhbərlik edib. Kartel Meksikadan ABŞ-yə narkotik maddələrin daşınması ilə məşğul olub.

ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) agenti Enrike Kamarena qətlə yetirildikdən sonra Feliks Qalyardo beynəlxalq axtarışa verilib. O, 1989-cu ildə Meksika hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Kamarena cinayətinə görə məhkəmə tərəfindən 37 il müddətinə azadlıqdan məhrum edilən Feliks Qalyardo digər cinayət işi üzrə də qanunsuz silah saxlama, rüşvətxorluq və narkotiklərlə əlaqəli cinayətlərə görə əlavə 40 il həbs cəzası alıb.

Onun həbsindən sonra Qvadalaxara narkokarteli parçalanıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)