Əməl Sayın mirasını kimə qoyacaq?

16 Noyabr 2026 10:00

Türkiyəli müğənni Əməl Sayın ailəsi ilə bağlı həssas mövzuya toxunaraq miras məsələsi barədə fikirlərini bölüşüb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, konsertdən əvvəl jurnalistlərlə söhbət edən sənətçi indiyədək vəsiyyət yazdırmaq barədə düşünmədiyini bildirib. Bununla belə, ailə üzvləri arasında gələcəkdə əmlak bölgüsünə görə narazılıq yaranması ehtimalının onu narahat etdiyini gizlətməyib.

Ailəsinin böyük bir qismini itirdiyini deyən Əməl Sayın bacı və qardaşının övladlarına olan sevgisindən də söz açıb. Onları öz balaları kimi gördüyünü vurğulayan müğənni yaxınları arasında miras üstündə mübahisə yaşanmasını arzulamadığını qeyd edib.

"Məni narahat edən məsələlərdən biri miras mövzusudur. Çünki ailələrdə bəzən bu səbəbdən gözlənilməz və xoşagəlməz hadisələr baş verir. Övladım kimi sevdiyim bacı və qardaş övladlarım var. Aramızda belə bir problemin yaranmasını qətiyyən istəmirəm", - deyə sənətçi bildirib.

Vəsiyyətlə bağlı suala cavabında isə Əməl Sayın ailəsinin hər şeyi bölüşən və ortaq dəyərlərə sahib insanlar olduğunu söyləyib. O, bu səbəbdən miras məsələsində hər hansı problemin yaranacağını düşünmədiyini əlavə edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)